44 GÜNLÜK MÜHARİBƏ ERMƏNİLƏRƏ 38,4 MİLYARD DOLLARA BAŞA GƏLİB... - Manukyan açıqladı

Baxış sayı:
457

Ermənistanda Azərbaycanın zəfəri və Qarabağın azad edilməsi ilə nəticələnən 44 günlük müharibədə verdikləri itkilərin maddi tərəfini hesablamağa çalışırlar. Erməni KİV-ləri xəbər verir ki, bu işə ilk dəfə “Hərbi qulluqçuların sığortalanması fondu”nun himayəçilər Şurasının üzvü, ekspert Mesrop Manukyan cəhd edib. Onun hesablamalarına görə, baş nazir Nikol Paşinyan Ermənistana və erməni xalqına cəmi 38.4 milyard dollar ziyan vurub.

“İnsan itkiləri 7 milyard dollar (bura 4500 həlak olan və itkin düşən hərbçi, 5 minə yaxın 1-ci qrup əlil, 6 minə yaxın 2-ci qrup əlil daxildir), “Hayastan” ümumerməni fondunun Azərbaycanın nəzarətinə keçən ərazilərə yatırdığı 150 milyon dollar. Təkcə Şuşada 15 milyon dollarlıq layihə icra olunmuşdu, Zod qızıl yatağının itirilməsindən 8 milyard dollara yaxın, bank sisteminin itkiləri 1 milyard dollara yaxın, infrastruktura dəyən ziyan 2 milyard dollar, müdafiə sisteminə dəyən ziyan 2 milyard dollar...”, - Manukyan hesablamaqda davam edir.

 

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan isə parlamentdə deputatların sorğusuna cavab olaraq deyib ki, Qarabağdakı hadisələrə görə erməni istehlakçılar daha bahalı elektrik enerjisi istifadə etməli olacaqlar. Çünki Ermənistan müharibəyə qədər Qarabağdan, yəni işğal edilmiş Azərbaycan ərazilərindən ucuz qiymətə 330 milyon kilovatt elektrik enerjisi alırdı.

Qeyd edək ki, Ermənistan on illərdir işğal etdiyi Azərbaycan ərazilərində yeraltı və yerüstü sərvətləri talan etməklə məşğul idi. İndi Azərbaycan bu torpaqları azad edəndən sonra Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təzminat iddiası qaldırmağa hazırlaşır. Prezident İlham Əliyev bu haqda bir neçə dəfə bəyan edib və artıq müvafiq göstərişlər verib, beynəlxalq mütəxəssislərin də işğal nəticəsində dəyən ziyanın hesablanması işinə cəlb olunması tapşırılıb./Virtualaz.org