​44 GÜNLÜK SAVAŞDA YEGANƏ ÖVLADINI İTİRƏN ŞƏHİD ATASI RAYON RƏHBƏRLİYİNDƏN NARAZIDIR -"Göyçay rayonunda özbaşınalıq baş alıb gedir"

Baxış sayı:
1945

Göyçay rayon Üngütlü kənd sakini, şəhid atası Nadirov İlyas Şirməmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
"Göyçay rayonunda özbaşınalıq baş alıb gedir. Rayonda həll edilməyən problemlərə görə sakinlər çox əziyyət çəkirlər.  
Mən Vətən müharibəsində şəhid olmuş Fərid Nadirovun atasıyam. Fərid mənim yeganə övladım idi. 
İçməli suyun olmamasına görə çox əziyyət çəkirəm. Hansı ki, kənddə həmişə bol suyu olan evimə yaxın artezan quyusunda su yoxa çıxıb. Evimdən təxminə 800 metr aralıda olan artezan quyusundan su gətirib işlədirik. Buna görə çox əziyyət və zülm çəkirəm.
Su probleminin həll edilməsi üçün bir neçə dəfə Göyçay rayon İcra Hakimiyyəti başçısına,  Göyçay rayon Su Kanal İdarəsinin rəhbərliyinə müraciət etmişəm. Ancaq hər dəfə "problem tezliklə həll ediləcək" deyə-deyə məni aldadıblar.
Mən illər öncə ehtiyatsızlıq ucbatından ağacdan yıxılmışam. Nəticədə sağ qolum sınmışdır. Həmin qol tam olaraq normal fəaliyyət göstərmədiyindən sınıq qolla su daşımaq mənim işimi daha da ağırlaşdırır. Hər gün əziyyətlə su daşımaqdan narahat oluram, çox əziyyət çəkirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm.
Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!

Göydə Allaha, yerdə ancaq sizə ümüd edib, xahiş edirəm, su problemimin həll edilməsində mənə köməklik göstərəsiniz".



Muxalifet.az