450 MİLYONLUQ İSRAF... – Mərkəzi Bankın 32 mərtəbəli binaya nə ehtiyacı var?

Baxış sayı:
2131

Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisi ilə bağlı qərar cəmiyyətdə böyük narazılığa səbəb olub. Qeyd edək ki, hündürlüyü 150 metrdən az olmayacaq (32 mərtəbəli) qüllənin tikintisinə nə az, nə çox, yarım milyard manata yaxın vəsait xərclənəcək.
44 günlük Qarabağ savaşından sonra bu qədər vəsaitin heç bir iqtisadi əhəmiyyəti olmayan binanın tikintisinə xərclənməsi haqlı etirazlar yaradıb. Xüsusən də Qarabağın, işğaldan azad olunan rayonlarımızın yenidən qurulmasına ehtiyac olduğu indiki ərəfədə 450 milyon manatın “göyə sovrulması”na nə ehtiyac var?!
Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisi ilə bağlı qərar son dönəmlərdə verilməyib. Bu qüllənin tikintisi ilə bağlı tender təxminən bir il əvvəl, 2020-ci ilin fevral ayında elan olunmuşdu. Bu günlərdə isə məlum oldu ki, yeni binanın tikintisini Türkiyənin “Tekfen-İnşaat” şirkəti həyata keçirəcək. Yanvarın 13-də şirkətin yaydığı məlumata görə, Bakıda yeni binanın tikintisi ilə bağlı Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və Türkiyənin “Tekfen-İnşaat” şirkətinin təmsilçiləri Levent Qafqaz və Mustafa Kopuz layihələndirmə, avadanlıq və maddi təchizat, tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə müqavilə imzalayıb.
Dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, “Tekfen-İnşaat” Azərbaycanda bundan öncə Bakı Olimpiya Stadionunun inşasını həyat keçirib. Hazırda isə Azərbaycan Vergilər Nazirliyinin binasını inşa edir.
Əlbəttə, bu binanın tikintisi ilə bağlı elan olunan tenderi Türkiyə şirkətinin qazanması tamamilə normaldır. Normal olmayan odur ki, bu gün Azərbaycan Mərkəzi Bankı üçün 32 mərtəbəli binaya nə ehtiyac var?!

Mərkəzi Bankın binası

Xatırladaq ki, Mərkəzi Bankını hazırkı binası 1998-ci ildə istifadəyə verilib. Bina təqribən 50 milyon dollara başa gəlib. Odur ki, bu gün yeni binanın tikintisinə təxminən 10 dəfə artıq vəsait - 450 miyon manat ayrılması sosial şəbəkələrdə və ictimai fikirdə tənqidlə qarşılanıb. Əsasən də ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırıldıqdan sonra bu regionda infrastrukturun və yaşayış məntəqlərinin yenidən qurulması üçün böyük həcmdə maliyyə vəsaiti lazımdır.
Üstəlik, onu da nəzərdən qaçırmamalıyıq ki, 44 günlük Vətən müharibəsi hər mənada ölkəmizə ağır zərbə vurdu. Qarabağın xaraba vəziyyəti bir yana, bu gün o torpaqları işğaldan azad edən qazilərimizin və şəhid ailələrinin, eləcə də əksər müharibə iştirakçılarının daha çox qayğıya ehtiyacı var. Hansı ki, şəhid ailələrinin, qazilərimizin acınacaqlı durumu ilə bağlı sosial şəbəkələrdə hər gün rastlaşdığımız xəbərlər hər kəsi narahat edir. Bütün günü ehtiyacı olan ailələrin, xəstələrin, qazilərimizin bank hesblarını paylaşaraq, maddi yardım istəyənlərlə qarşılaşırıq. Əslində isə, bu çağırışlara ehtiyac olmadan, həmin 450 milyon manatla mövcud problemi kökündən həll etmək olardı…
Mən bu qərarı verən şəxslərə sual edirəm: dünyanın ən öndə gedən bankı olan və bəzi məmurların Azərbaycandan oğurladıqları milyardları depozitə qoyduğu İsveçrə Mərkəzi Bankının binasını görmüsünüzmü? Axı, Rusiya, Norveç, Ukrayna və.s bu kimi ölkələrin mərkəzi banklarının binaları da Azərbaycan Mərkəzi Bankının hazırkı binasından heç də uca və böyük deyillər. O halda, 165 m hündürlüyü olan və hər kvadrat metrinə 7 min manata yaxın vəsait xərclənəcək yeni bina kimə lazımdır? Xüsusən də, müharibədən yeni çıxdığımız, pandemiyanın ölkə iqtisadiyyatını təhdid etdiyi bir vaxtda bir binanın tikintisinə 450 milyon ayrılması israf deyilmi? Əminliklə, deyə bilərik ki, israfdır! Deməli, burada yenə də hər zaman üçün aktual olan bir məsələ gündəmə gəlir – dövlət əmlakının talanması. Necə ki, illər öncə milyardlarla vəsait olimpiya komplekslərinə, Heydər Əliyev Mərkəzinin tikintisinə və bir sıra binaların tikintisinə ayrılaraq talan edildi, bu gün də eyni məzərənin şahidi olacağıq.

Yeni tikiləcək binanın görüntüsü

Dünyanın heç bir yerində Azərbaycandakı qədər vəsaiti guya infrastrukturu dirçəltmək adıyla „korrupsioner akulalara“ yem etməyiblər.
Lazımsız bir bina üçün 450 milyon manat ayrılan bir ölkənin vətəndaşı bu durumda yaşamamalıdır, cənab Prezident! Bu cür mənasız, ölkəyə heç bir xeyri olamayan tikililərə ayrılan milyonlarla vəsait hesabına insanların sosial-maddi durumu yaxşılaşdırılsa, daha yaxşı olmazdımı?!
Vətəni qoruyanların, yaralıların bütün təminatları ödənməlidir. Hər iki gözünü, əllərini və ayaqlarını döyüşdə itirən qazilərin gələcək həyatları necə olacaq? Bu suallara kimdən cavab alaq? Axı, hər mənada bütün bunaların məsuliyyəti yarıtmaz məmurların üzərinizə düşür. Ona görə „yarıtmaz“ deyirəm ki, cənab Prezident, KİVDF-nun bu günlərdə həbs olunan keçmiş icraçı direktoru Vüqar Səfərli də vaxtilə Sizin tərərfinizdən „Vətənə xidmətə görə“ ordeni ilə təltif olunmuşdu. İndi aydın olur ki, bu adam jurnalistlər üçün mənzil tikintisinə ayrilan vəsaitdən 6 milyon manat, bəlkə də daha çox pul oğurlayıb.
Pandemiya dövrünün vətəndaşlara vurduğu psixoloji zərbələr, iqtisadi çətinliklər azmış kimi, polislər də insanlara zülüm edir. Fürsətdən istifadə edən polis işçiləri saxta cərimələr yazmaqla, onsuz da çətinliklə yaşayan xalqın qanını sorurlar. Mülki paltarlarda gəzən, insanların heysiyyatları ilə oyanayan, kiminsə bir saniyə ağzından maska sürüşürsə dərhal fotosunu çəkərək “yerində 50 manat ödə, yoxsa 200 manat cərimə yazacam“ deyən polis işçilərinə kim nəzarət etsin? Bəli, pandemiya dünyanın hər yerində var. Amma Azərbaycanda olan acınacaqlı durum, təəssüf ki, yalnız elə bizdə var. Həmçinin, heç bir zərurət olmadığı halda, məhz yaraşıq xatirinə 450 milyonluq bina tikmək də ancaq bizə, daha doğrusu bizim hakimiyyətə xasdır!
Günay ƏSƏDOVA,
Muxalifet.az