İş adamının Bakıda “Range-Rover”lə 4 nəfərin ölümünə səbəb olan kürəkəni həbs edilib - YENİLƏNİB

Baxış sayı:
760

Bakıda 4 nəfərin ölümünə səbəb olan “Range-Rover”in sürücüsü həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, araşdırmalarla qəza törədən “Range Rover”in sükanı arxasında Elşad Kəlbəliyev olduğu müəyyən edilib. Həmçinin müəyyən olunub ki, E. Kəlbəliyev avtomobili sərxoş vəziyyətdə idarə edib.
E. Kəlbəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, E. Kəlbəliyevin “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkəni olduğu bildirilir.
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.
Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətiriliblər.
Araşdırma aparılır.