Amerika strateji bombardmançıları və kəşfiyyatçıları Rusiyanın “burnunun ucundan” uçub - GENERAL ATTAŞELƏRİ TOPLADI...

Baxış sayı:
1892

Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin ABŞ strateji nüvə bombardmançılarının və kəşfiyyat təyyarələrinin bu günlərdə Qara dəniz üzərində, Krım sahillərində həyata keçirdiyi uçuşlar barədə xarici hərbi attaşelərə brifinq verib. Rusiya KİV-ləri xəbər verir ki, general Surovkin həmin manevrlər zamanı azı bir Amerika kəşfiyyat təyyarəsinin Rusiya sərhədlərinə 15 kilometrə qədər yaxınlaşdığını bildirib. (Qeyd: ABŞ Krımı Rusiya ərazisi kimi tanımır və nəticədə onun həmin istiqamətdə özü üçün müəyyən etdiyi sərhədlər də beynəlxalq səviyyədə tanınmış sərhədlər deyil).

 

Rusiyanın Krım sahillərində “müəyyən olunmuş sərhəd zolağı” 21 kilometr təşkil etdiyi üçün belə qənaət yaranır ki, ABŞ təyyarəsi ümumiyyətlə rusların hava məkanına 6 kilometrə qədər daxil olub.

General brifinqdə çıxışı zamanı bildirib ki, ABŞ-ın 5 kəşfiyyat təyyarəsi və 1 strateji bombardmançısı Rusiya sərhədlərinə 15 kilometrə qədər yaxınlaşıb. Onlar Rusiya ərazisinin 600 kilometrə qədər dərinliklərində kəşfiyyat aparıblar. Həmin üç 3 strateji nüvə bombardmançısı Rusiya sərhədlərinin 30 kilometrliyindən uçub. Bu, Qara dəniz üzərində amerikalıların misli görünməmiş kəşfiyyat əməliyyatıdır. Habelə B-52H Amerika strateji bombardmançılarının Polşa Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları, Ukraynanın Su-27 və MiQ-29 qırıcıları ilə qarşılıqlı fəaliyyəti sınaqdan keçirilib.

Xatırladaq ki, həmin  günlərdə ABŞ strateji bombardmançısı tarixdə ilk dəfə Ukrayna səmasına daxil olub və bu ölkənin Su-27 qırıcılarının müşaiyəti ilə Krım hüdudlarına qədər uçub.

İnternetdə yayılmış görüntülərə əsasən həmin uçuş zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin Su-27 qırıcısı ABŞ bombardmançısından cəmi bir neçə metr yuxarıda, onun düz üzərində uçub. Bu, pilotun radardan yayınmaq üçün həyata keçirdiyi manevr hesab olunur. Çünki radarlar belə uçuş zamanı qırıcını və bombardmançını eyni hava hədəfi kimi qeydə alıb./ Virtualaz.org