Azərbaycan Ordusu bütün cəbhə boyu əks hücuma keçdi - RƏSMİ AÇIQLAMA / Yenilənib

o

Baxış sayı:
4889

Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Qarabağda bütün cəbhə boyu əks hücuma keçdiyi haqda təcili xəbər yayıb.

Xəbərdə deyilir:

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.


Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli ək-hücum əməliyyatı davam edir.

***

Azərbaycan Müdafiə Nazirliyi Qarabağ cəbhəsində bu gün səhər saatlarından başlayan şiddətli döyüşlər barədə növbəti məlumat yayıb.

Məlumatda deyilir:

Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.

Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.

Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.