Azərbaycan parlamentinin “mühüm deputatı” İranda edama məhkum edilən çempionun müdafiəsinə qalxdı - “REJİM NAVİD ƏFKARİNİ EDAM ETMƏMƏLİDİR...”

Baxış sayı:
17760

Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İranda rejimə qarşı etirazlarda iştirak etdiyinə görə edam cəzasına məhkum edilən dünya çempionu Navid Əfkarinin müdafiəsinə qalxıb.

Bu haqda deputat İsrailin “The Jerusalem Post” qəzetinə danışıb.

Qəzet Asim Mollazadəni “əhalisinin əksəriyyəti şiələrdən ibarət olan və İranla sərhəd Azərbaycanın parlamentinin mühüm deputatı” kimi təqdim edir. Mollazadə qəzetə göndərdiyi yazılı açıqlamasında bildirib ki, Tehran hakimiyyəti rejimin korrupsiyasına qarşı dinc etirazlarda iştirak etdiyi üçün güləş üzrə dünya çempionu Navid Əfkarini edam etməməlidir.

 

Navid Əfkari və qardaşları

“Mən edam cəzasına qarşıyam və bizim ölkəmiz Avropa Şurasının üzvü kimi bu məsələdə Avropa standartlarına qoşulub. Totalitar rejimin qurbanları təkcə bu bədbəxt güləşçi və onun qardaşı deyil. Yüzlərlə azərbaycanlı öz doğma dillərini öyrənmək istədiyi üçün cəzalandırılıb. Mən sizə qoşuluram və Navid Əfkari üçün edam cəzasını rədd edirəm”, - Asim Mollazadə bildirib.

Deputat daha sonra əlavə edib ki, İran hər gün Ermənistana silah ötürür və nəticədə dinc azərbaycanlılar həlak olur.

 

“Mollazadə indi İran rejimini Əfkarinin edamından çəkinməyə çağıran britaniyalı, amerikalı və almaniyalı siyasətçilərə, partiyalara qoşulub. Əfkarinin iki qardaşı da İran rejiminə qarşı 2018-ci ildə baş vermiş etirazlarda iştirak etdiyi üçün həbs edilib və uzunmüddətli həbsə məhkum olunub. Mollazadənin bəyanatı ona görə mühümdür ki, Azərbaycan da İran kimi, əhalisinin əksəriyyəti şiələrdən ibarət olan dövlətdir, güləş isə bu ölkədə milli idman növüdür”,-qəzet yazır.

İran rejimi Əfkarini qətldə günahlandırıb və ona iki edam hökmü çıxarıb. Qəzet habelə qeyd edir ki, Mollazadənin Demokratik İslahatlar Partiyası parlamentdə müxalifətdədir. Onun özü isə İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.

Navid Əfkarinin edam edilməsinin qarşısını almaq üçün neçə vaxtdır beynəlxalq kampaniya gedir və ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər İran hakimiyyətini bu addımdan çəkinməyə çağırır./Virtualaz.org