Azərbaycanda koronavirusla bağlı son vəziyyət - OPERATİV QƏRARGAH BRİFİNQ KEÇİRDİ, CANLI YAYIM

Baxış sayı:
1284

Hazırda Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat nümayəbndələri üçün növbəti brifinqi keçirilir.

Tədbirdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov, Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev iştirak edirlər. Onlar ölkədə koronavirusla bağlı son vəziyyət haqda məlumat veriblər.

Nəzrin Mustafayeva bildirib ki, bu gün 3942 nəfər yoluxub, 37 nəfər vəfat edib. Ümumilkdə 232 nəfər ölüb.

2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb

Mustafayeva qeyd edib ki, Azərbaycanda indiyədək ümumilikdə 129544 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 79162 nəfər müalicə olunaraq sağalıb, 1470 nəfər vəfat edib, aktiv xəstə sayı 48912 nəfərdir.

Özbaşına sistem etməyin zərərləri

Mustafayeva əlavə edib ki, koronavirus səbəbindın əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur. Xüsusilə ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur. Bundan əlavə, yoluxanlardan 81 faizi xəstəliyi yüngül keçirir. Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir: "Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özlü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydaların ciddi şəkildə riayət etməyə çağrırıq”.

"Virusa bioloji düşmən kimi baxırıq"

 

Allahverdiyev isə bildirib ki, virus yeni olduğundan mübarizə üsulu da fərqlidir.

"Virusa aid dərman sayı çox az və məhduddur. Hələ də virusa qarşı spesifik dərman vasitəsi yoxdur. Artıq koronavirusa tanıdığımız bioloji düşmən kimi baxırıq. Bu virus ilk dəfə ortaya çıxan virusdur. Viruslara qarşı mübarizə digər bakteriyalara qarşı mübarizədən fərqlidir. Virusun yaşadığı yer hüceyrələrdir. Virusu öldürmək üçün əvvəl hüceyrəni öldürməliyik. İndiyə qədər hər kəs nəyisə tapdığını iddia edib. Amma hələ də bu virusa qarşı spesifik dərman yoxdur", - professor deyib.

Onun sözlərinə görə, vaksin məsələsi də elədir. Çox qısa zamanda dünyanın bir çox laboratoriyasında bu virusa qarşı vaksin hazırlıqları başlanılıb. Hazırda 11 növ vaksin hazırlandığı barədə ABŞ-dakı Qida və Dərman təşkilatına müraciət edilib: "Ola bilər ki, 11-dən bir neçəsi təsdiqlənsin. Amma hazırda əlimizdə normal vaksin yoxdur. Vaksinin nə qədər effekti olacağı da bəlli deyil. Mediada yazılan rəqəm onların könüllülər üzərində aparılan sınaqlardan alınan nəticəni göstərir. Vaksinasiya başlayandan sonra bunun insanlarda nə qədər effektiv olacağı bəlli deyil. Əlimizdə olan bilgi odur ki, koronavirusa qarşı antitel 4-5 aylıq yaranır. Vaksin çıxsa belə, biz rahatlaşa bilmərik”.

Taksilərdə vəziyyət ürəkaçan deyil

Allahverdiyev qeyd edib ki, küçədə siqaret çəkən insanların vasitəsilə də virus yayıla bilər. Bundan əlavə, taksilərdə də vəziyyət yaxşı deyil. Taksiyə minən kimi pəncərələri açmaq lazımdır.

"Son elmi tədqiqatlara əsasən, məlum olub ki, 4 faiz insanlar genetik olaraq, özlərindən virusa qarşı maddə ifraz edə bilmirlər. Xəstəliklərin 10 faizində əmələ gələn antitellər virusun yaşamasına mane ola bilmir. Virus öz yaşamanı bioloji olaraq davam etdirir. Virusu qidalandırmağı təmin etməsək, zənciri qıra bilərik. Bu səbəbdən deyilənlərə əməl etməsək, virusun daha da çoxalmasına səbəb olacağıq".

O əlavə edib ki, hazırda vaksin məsələsi hökumətin gündəmindədir. Vaksinlərin hamısı incələnir. Amma buna ümid bağlamaq olmaz. Sadəcə, sosial məsafəni azaldaraq, maska taxaraq, gigiyena qaydalarına əməl edərək, hələ ki, virusun yayılmasının qarşısını ala bilərik. Virus çoxluğu sevir. Sosial məsafəni qorumalıyıq.

Ailədaxili yoluxma artıb

Akif Qurbanov isə bildirib ki, yoluxma sayının artmasında əsas faktor hazırda ailədaxili yoluxmalardır. Ev şəraitində müalicə alanlar özlərini izolyasiya etməlidir. Əks halda, ətrafında olanların da yoluxması üçün şərait yaranır. Evdəki hər bir şəxs yoluxmuş xəstəyə ehtiyatla yanaşmalı, özünü tam mənada təcrid etməlidir.

Ü.Xudiyeva