“AZƏRBAYCANIN YANINDAYIQ” - Türkiyə XİN

Baxış sayı:
378

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə həyatını itirən Azərbaycan şəhidləri ilə bağlı başsağlığı, yaralılara isə təcili şəfa diləyirik.

Ermənistanın hücumunun Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur.

Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarından başqa yerlərə çəkmək və münaqişəyə yeni ölçülər əlavə etmək üçün tətbiq etdiyi bu cəhdlər nəticəsiz qalmaqdadır.

Öz qabiliyyətlərini aşan ambisiyalar üçün sərgüzəştlərə başlamaq Ermənistanın əsaslandırıcı zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə və sabitliyə ən böyük maneədir.

Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli, qanun və ağıl yolunu seçməlidir.

Ümid edirik ki, Ermənistanın təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”.