Bakıda xüsusi hərəkət zolaqları yaradılır

Baxış sayı:
2343

Bakı şəhərinin daha 10 küçə və prospektində avtobuslar üçün xüsusi hərəkət zolaqlar çəkilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyası tərəfindən həmin 10 küçədə xüsusi zolaqların çəkilməsinə rəy verilib.

"Bunlar Gəncə prospekti, Atatürk prospekti, Qara Qarayev prospekti, Mikayıl Hüseynov, Məhəmməd Hadi, Abbas Mirzə Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələridir. Bu küçələr müəyyənləşdirilərkən oradan keçən ictimai nəqliyyat vasitələrinin və həmçinin onlardan istifadə edən sərnişinlərin sayı əsas götürülür. Zolaqların xüsusilə indiki pandemiya dönəmində təşkilində əsas məqsəd günün pik saatlarında müşahidə olunan sərnişin sıxlıqlarını, sərnişinlərin avtobusda daha az səyahət etməsini, A məntəqəsindən B məntəqəsinə vaxtında, rahat şəkildə çatdırılmasını təmin etməkdir".

M.Ağayev bildirib ki, Mikayıl Hüseynov küçəsində artıq bu zolaq təşkil olunub. "Qarşıdakı günlərdə ərazidə xüsusi nişanlar da vurulacaq. Nişanlar vurulduqdan sonra digər sürücülər mütləq şəkildə bu zolağın tələbinə əməl etməlidirlər. Bu zolaq təyinatı üzrə tam fəaliyyət göstərdikdən sonra Mikayıl Hüseynov küçəsindən keçən 6 müntəzəm marşurut xətti üzrə sərnişindaşımaların keyfiyyəti daha da yaxşılaşacaq. Axşam pik saatlarda Bayraq meydanından şəhər mərkəzi istiqamətində avtobuslar 20-25 dəqiqə gecikmə ilə hərəkət edirlərsə, zolaqların fəaliyyətə başlamasından sonra bu məsafəni 4 dəqiqəyə keçəcəklər. Bu da indiki pandemiya şəraitində, sərnişinlərin daha az səyahət etməsi və avtobusların dövrülüyünün artması səbəbindən vacibdir".

BNA rəsmisi qeyd edib ki, bu zolaqlardan operativ nəqliyyat vasitələri də hərəkət edəcək.