Bank əməkdaşlarını girov götürən silahlı şəxs polisə təslim oldu - YARIM MİLYON DOLLAR TƏLƏB EDİRDİ...

Baxış sayı:
1402

Zuqdididə xüsusi əməliyyat başa çatdırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, silahlı basqınçı əli qandallı bankın binasından çıxarılıb.

Yayılan məlumatlara əsasən, cinayətkar polisə təslim olub.

Bütün girovlar sərbəst buraxılıb.

***21:07

Zuqdididə silahlı şəxs bank filialında girovları saxlamaqda davam edir.

Basqınçı ilə aparılan danışıqlar nəticəsində girovlardan ikisi azad olunub.

Yerdə qalan girovların buraxılması üçün danışıqlar davam etdirilir.

Hazırda filialda neçə nəfərin girov qalması məlum deyil. Bu vaxta qədər 19 girov barədə məlumat yayılmışdı.

Xatırladaq ki, silahlı şəxs “Gürcüstan Bankı”nın Zuqdidi filialına bu gün saat 14:21-də basqın edib. O, 500 min dollar, helikopter və xüsusi təyinatlıların bankın perimetrindən uzaqlaşmasını tələb edir. Tələblərin yerinə yetirilməsinə basqınçı iki saat vaxt verib.

***16:43

Zuqdididə “Gürcüstan Bankı”nın filialına silahlı basqın edən şəxs yarım milyon dollar tələb edir.

Bu barədə girovluqda olan şəxslərdən biri bildirib.

Onun sözlərinə görə, hazırda silahlı şəxs 19 nəfəri giovluqda saxlayır və tələbi yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağı ilə təhdid edir.

Basqınçı bankı təhlükəsiz tərk etməsi barədə zəmanət də tələb edir.

***16:11

Gürcüstanın Zuqdidi şəhərinin mərkəzində silahlı basqın olan bankdan girovların azad edilməsi istiqamətində xüsusi əməliyyat keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, girovların bir neçəsi dam vasitəsilə bankın binasını tərk etməyə nail olublar.

Girovlar yanğınsöndürən maşının kranı ilə damdan endirilib.

Xüsusi əməliyyat davam etdirilir.

***14:53

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib.

“Report”un yerli bürosu xəbər verir ki, naməlum şəxsin avtomat və qumbara ilə silahlandığı bildirilir.

Yayılan məlumatlara əsasən, bankın əməkdaşları və müştərilər girov götürülüb.

Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.