Belarusun Navalnıya dair materialları “FSB”yə göndərilib - PESKOV AÇIQLADI

Baxış sayı:
1268

“Aleksey Navalnının zəhərlənməsi barədə məlumatların saxtalaşdırılmasını sübut edən Belarus kəşfiyyatının materialları Rusiya Federal Təhlükəsizlik Xidmətinə göndərilib, qurum bununla bağlı Prezident Vladimir Putinə məlumat verəcək”.

Bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Bütün materiallar ötən gün göndərilib. Dünən diqqət yetirdinizsə, Lukaşenko onların “FSB”yə göndəriləcəyini demişdi. FSB yəqin ki, belaruslu həmkarları tərəfindən göndərilən sənədlər barədə məlumat verəcək, buna şübhə etmirəm, bu, istənilən xüsusi xidmət orqanının funksiyasıdır”,- Peskov qeyd edib.

Bununla yanaşı, Peskov Belarus tərəfinin topladığı materialların məzmunu barədə hazırda hər hansı fikir bildirməyin çətin olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 3-də Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Baş Naziri Mixail Mişustinə Belarusun Varşava ilə Berlin arasındakı telefon danışıqlarını ələ keçirdiyini açıqlayıb. O qeyd edib ki, bu danışıqlar Almaniya Kansleri Angela Merkelin Aleksey Navalnı ilə bağlı açıqlamasının saxta olduğunu sübut edir və yaxın gələcəkdə Belarus məlumatları FSB-yə göndərəcək./Virtualaz.org