Berdıməhəmmədovu sərt tənqid edən cəsarətin sahibi kimidir? – Aşqabadda yaşayır

Baxış sayı:
451

71 yaşlı türkmən jurnalist Soltan Açilova ölkəsinin avtoritar prezidenti Qurbanqulı Berdıməhəmmədovu kəskin tənqid edib. Maraqlıdır ki, prezidenti və onun hökumətini YouTube kanalında tənqid edən xanım Açilova xaricdə yox, paytaxt Aşqabadda yaşayır. O videomüraciətində prezidenti qış aylarında sakinləri istilik və içməli su ilə təchiz edə bilməməkdə ittiham edir. Açilova bildirir ki, Berdıməhəmmədova “hörmətli” sözü ilə müraciət etməyəcək, çünki o milyonlarla türkmənin hörmətini artıq çoxdan itirib.

Vaxtilə “Azadlıq” radiosunun müxbiri olmuş jurnalistin bu çıxışı şəxsiyyətə pərəstişin “meydan suladığı” Türkmənistanda nadir hadisədir: "Siz həmişə deyirsiniz ki, əsas məqsədiniz xalqın qayğısına qalmaqdır. Amma əslində siz özünüzə mədhiyyələr oxunması, at çapmaq, ötüş maşınları sürmək, göldə üzmək, balıq tutmaq və mahnı oxumaq kimi şeylərin qayğısına qalırsınız”.

Açilova yazıb ki, onun evindəki istilik sistemi bu qış bir neçə dəfə dayandırılıb. Jurnalist bunu özünün peşə fəaliyyətinə görə cəzalandırılması kimi qiymətləndirir. Ötən ay Açilova dünyanın ən repressiv ölkələrinin birindən reportajlar verdiyinə görə İnsan Haqlarının Müdafiəçiləri üçün Martin Ennals mükafatına layiq görülüb.

Açilova videomüraciətində deyib ki, onun Berdıməhəmmədova ünvanladığı 7 məktub poçt idarəsindən geri qaytarılıb. Poçt işçiləri bunu sistemdəki nasazlıqlarla izah etməyə çalışıblar. Amma Açilova bildirir ki, onun iki məktubu bilərəkdən məhv edilib.

Jurnalist prezidenti habelə adi insanları normal ərzaqla təmin edə bilməməkdə, maaş və pensiyaların son dərəcə aşağı olmasında ittiham edib: "Xaricdə yaşayan türkmən soydaşlarımız sizin istefanızı tələb edən bir neçə etiraz aksiyaları keçiriblər. Biz də bu etirazlara qoşulur və vəzifənizin öhdəsindən gələ bilmədiyinizə görə istefanızı tələb edirik. Biz əzab çəkirik, amma bu, sizin heç vecinizə də deyil. Sizin qadir olduğunuz yeganə şey evlərimizi xaraba qoymaq və xalqa zülm etməkdir”. 

Soltan Açilova hazırda Vyanada mənzillənmiş “Xronika Turkmenistana” müstəqil portalının ştatdankənar müxbiridir. Jurnalist bundan əvvəl də hökumətin repressiya və təqiblərinə məruz qalıb. (azadliq.org)