BÖYÜK GÜCLƏRİN YENİ MÜBARİZƏ MƏKANI… - Rusiyanın Arktikada 35 trilyon dollar əldə etmək istəyi digər dövlətləri narahat etməyə başlayıb

Baxış sayı:
1231

Arktika insanların diqqətlərindən kənarda tutulsa da, əsrlər boyu geosiyasi qarşıdurmaların və ərazi mübahisələrinin mənbəyi olmuşdur. Bu mübahisələr hələ orta əsrlərdə morj sümüyü və suiti dərisi əldə etməklə başlamışdı. Günümüzdə isə kömürə, neftə və qaza sahib olmaq uğrunda mübarizəyə qədər gəldi.
Sirr deyil ki, Arktika əsl təbii sərvətlər xəzinəsidir. Eyni zamanda, yer üzündə ən kövrək və ən həyati, ən həssas ekosistemlərdən biridir.
İlk dəfə 1996-cı ildə qurulan Arktika Şurasının tərkibi Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, Rusiya, İsveç və Amerika Birləşmiş Ştatları olmaqla 8 dövlətdən ibarətdir. Bu üzvlər öz mənafeləri, prioritetləri və maraqları baxımından əsasən ziddiyyət təşkil etsələr və toqquşsalar da, Arktika ölkələri suverenlik, təhlükəsizlik, qaynaqlar, inkişaf, nəqliyyat yolları və ətraf mühitin qorunması məsələlərində eyni müstəvidədirlər. Hazırda da çox aktual olan iqlim dəyişikliyi məsələsində maraqları bir çox hallarda ziddiyyət təşkil edən dövlətlərin prioritetləri kəsişir.
Keçən ay BMT və İqlim Dəyişikliyi üzrə Beynəlxalq Hökumətlərarası Qrup (IPCC) "insanlıq üçün qırmızı kod"u dilə gətirdi və iqlim dəyişikliyində insanlığın “geridönülməz” nöqtəyə çatdığını elan etdi. Yəni iqlim insan fəaliyyəti sayəsində geridönülməz şəkildə dəyişdirildi. Üstəlik, Yerin istiliyini tənzimləmək və Günəş işığını əks etdirmək üçün zəruri olan, ancaq kiçilməkdə olan buz örtüklərindən ibarət Arktika Yerdəki hər hansı bir ərazidən daha sürətlə istiləşir. Bu məlumatlar ekoloji göstəricilərlə təsbit olunur. Yəni buzlar əriyir. Buz örtükləri əriyən kimi, buzlu şimal sularında yeni gəmiçilik yolları açılır və daşlaşmış buz maneləri yoxa çıxması ilə bölgədə neft-qaz kəşfiyyatını genişləndirmək məsələsi bəzi dövlətlərin iştahlarını artırır. Bu, bir növ həmin dövlətlərə “dəvətnamə” anlamı daşıyır.
Burada xüsusilə də yanacaq sektorunu qeyd etmək lazımdır. "Təəssüf ki, Arktikada Yerdəki neft ehtiyatlarının 13%-i və istifadə olunmamış qaz ehtiyatlarının ¼-i mövcuddur", - deyə “Barron’s” nəşri bu həftə açıqladı. Yalnız Rusiyanın Arktika bölgəsindəki istifadə olunmamış ehtiyatlarının təxmin edilən dəyəri 35 trilyon dollardır. Təəccüblü deyil ki, prezident Putin yeni layihələrin stimullaşdırılması üçün 300 milyard dollarlıq maliyyə paketi təklif edir.
Onu da qeyd etməliyik ki, Putinin Arktikada aktivliyinin artması digər Arktika Şurası ölkələrinin narazılığına səbəb olub. Əvvəllər də ABŞ rəsmiləri Kremli bölgəni hərbiləşdirməkdə günahlandırmışdı.
Amma Rusiya Arktikada siyasi və sənaye varlığını genişləndirməyə can atan yeganə dövlət deyil. Çin də Asiya və Qərb arasında "şimal ipək yolu" açmaq üçün addımlar atmaqdadır.
 
Hal-hazırda yüzlərlə gəmi Rusiyanın Qıdan Yarımadası yaxınlığındakı Arktika sahilində yeni neft və qaz hasilatı üçün tikinti materialları çatdırmağa axışır. Maraqlıdır, ABŞ başda olmaqla dünyada sözünü deyən dövlətlər iqlim dəyişikliyi və qlobal yaşıl enerjiyə keçidi təbliğ edərkən, digər dövlətləri təbii karbohidrat resursları sayəsində meydana gələn yanacaq istifadəsindən uzaqlaşdırmağa və enerji iqtisadiyyatlarını şaxələndirməyə çağırsalar da, Rusiya dekarbonizasiya haqda belə düşünmədən dünyanın ən son neftini istehsal edib, son neft barelini satmağa hazırlıq görür.
Bu mənzərə yumşaq desək mübahisəlidir. “Barron’s”a görə, arktik ekosistemlərinin qorunması zərurəti Danimarka və Norveç kimi ölkələrin Rusiya ilə “alovlu mübahisələr”inə səbəb ola, hətta məsələ konfliktlərə qədər gəlib çata bilər. Ancaq bu, yalnız Arktikadan təbii yanacaq hasilatının həddindən artıq sürətlənməsi ilə baş verə bilər. Hələ ki, Arktikanın iqtisadi mənimsənilməsinin ilk növbədə maliyyə baxımından da faydalı olub-olmayacağı aydın deyil. Qlobal neft qiymətləri nisbətən aşağıdır və dünya iqtisadiyyatı nəhəng tullantı emissiyası ilə nəticələnən ağır yanacaq mənbələrindən uzaqlaşdıqca yəqin ki, qiymət daha da aşağı düşəcək.
Bank sənayesinin nəhəngləri də illərdir ki, ətraf mühit problemlərinə görə Arktikanın neft və qaz layihələrinə yaxın durmadan imtina edirlər.
Əgər neft və qaza olan tələbat azalarsa, Arktikada gərginlik öz -özünə sönə bilər. Amma belə olmasa, bölgə geosiyasi partlayış yaşana bilər. Rusiya və Çin isə çətin ki, diplomatik təmkinlərini geosiyasi mənafelərindən üstün tutsunlar.

Mənbə: Qafqaz.media