“Bütün dünyada bu virusdan qorunmağın çox sadə yolları var…” – VAQİF QARAYEV

Baxış sayı:
3386

“Bu bəladan tez xilas olmaq istəyiriksə, deyilənlərə əməl olunmalıdır”

“İctimaiyyət, həmçinin media “hökumət bacarmadı”, “gücsüzlüyünü etiraf etdi” kimi fikirlər səsləndirməməlidir”

“Günahı bütövlükdə hökumətin üstünə qoymaq fikrindən uzağam, çünki bu, müharibədir və burada iki tərəf var: virus və əhali”

Ölkə başçısının Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. Rəsmi məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimatoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır. Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

“Gürcüstanda qanuna daha pozitiv yanaşma var, yəni əhali nə qədər narazı olsa da, qanunla razılaşmağa məcburdur”

Onu da qeyd edək ki, qonşu Gürcüstanda koronavirusa daxili yoluxma halı artıq müşahidə olunmasa da, Azərbaycanda gün ərzində ən azı 500 nəfərdə yeni yoluxma halı aşkarlanır. Bütün bunlarla bağlı mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz tibb eksperti, həkim Vaqif Qarayev “Hürriyyət”ə açıqlamasında virusa yoluxma sayının indiki qədər çox olmadığı zamanda sərt karantin rejiminin tətbiq olunduğunu xatırlatmaqla yanaşı, bildirdi ki, o, sərt karantin rejiminin tez yumşaldılmasının əleyhinə olub: “Niyə yumşaltdılar, onu bilmirəm? Gürcüstanla fərqimiz odur ki, orda sərt karantin rejimi bizdən xeyli sonra yumşaldıldı. Səhv etmirəmsə, orda ictimai nəqliyyat iyunun 7-8-i işə başladı. Ola bilər ki, hökumət başqa cür düşünür, lakin mən hesab edirəm ki, səhvimiz orda oldu. Nəticədə yoluxma kifayət qədər çoxaldı.

İndi isə hamının bildiyi həqiqət var ki, bloklaşdıra, lokallaşdıra bilmirik. Lap belə olsa da, günahı bütövlükdə hökumətin üstünə qoymaq fikrindən uzağam. Çünki bu, müharibədir və burada iki tərəf var. Bir tərəf virusdur, o biri tərəf isə əhalidir. Hökumət düz, ya səhv etdi, amma bütün dünyada bu virusdan qorunmağın çox sadə yolları var. Belə ki, məşhur “üçlük” mövcuddur – maska, distansiya və dezinfeksiya. Lap tutaq ki, hökumət nəyisə düz etmədi, lakin fərd olaraq hamımız özümüzü qorumağı bacarmalıyıq. Elə vətəndaşlarımız var ki, hökumətə, həkimə, sözü keçən adama inanmır, “boş şeydir”, “yalandır” deyib məsuliyyətsiz davranır, sonra isə yalvarır ki, yoluxmuşam mənə kömək edin. Gürcüstanla bir fərqimiz də məhz bu idi. Orda da əhali hökumətə qarşı kifayət qədər aqressiv idi. Lakin son illər Gürcüstanda qanuna daha pozitiv yanaşma var. Yəni əhali nə qədər narazı olsa da, qanunla razılaşmağa məcburdur. Onu da qeyd edim ki, orda qadağalar daha sərt idi, həm də cərimə kifayət qədər yuxarı – 1000 dollar idi. Odur ki, kifayət qədər kasıb əhali 1000 dollar verməmək üçün qadağalara tabe olmağa məcbur idi”.

“Pandemiya planetar bəladır, ona görə də kiminsə kiməsə istər nəzəri, istərsə praktik, istər maddi, istərsə də psixoloji baxımdan yardımı qəbul olunandır”

Türkiyə və Rusiyadan infeksion xəstəliklər üzrə reanimatoloq və pulmonoloqların gətirilməsini müsbət qiymətləndirdiyini deyən Vaqif Qarayev hesab edir ki, COVID-19-la mübarizədə nisbətən müsbət nəticə əldə edən ölkələrin mütəxəssislərindən faydalanmaq olar: “Epidemiya ilə mübarizədə ümumi müddəalar mövcuddur, bir də var konkret bu gün rastlaşdığımız virusun yaratdığı xəstəliyin gedişatı, yoluxma tempi, öldürücülüyü və s. Yəni burda spesifik xüsusiyyətlər var. Bu baxımdan, əgər bu epidemiya bütün dünyanı bürüyübsə, onda nisbətən müsbət nəticə alan ölkələrin mütəxəssislərindən faydalanmaq olar və mən buna ikiəlli razıyam. Çünki pandemiya planetar bəladır. Ona görə də kiminsə kiməsə istər nəzəri, istər praktik, istər maddi, istərsə də psixoloji baxımdan yardımı qəbul olunandır. Bu səbəbdən də Türkiyə və Rusiyadan mütəxəssislərin gəlişini alqışlayıram. Bununla bərabər, onu da qeyd etməliyəm ki, ictimaiyyət, həmçinin media “hökumət bacarmadı”, “gücsüzlüyünü etiraf etdi” kimi fikirlər səsləndirməməlidir. Bunlar biabırçı ittihamlardır. Odur ki, belə şeylərdən çəkinmək lazımdır. Məgər, biz Avropadan, İspaniya və ya İtaliyadan güclüyük?! Onlar da digər ölkələrdən kömək istəyirdilər. Ona görə də xaricdən mütəxəssislərin cəlb edilməsinə normal yanaşmaq lazımdır”.

“Mənim üçün bu işlə nazirliyin, ya da TƏBİB-in məşğul olmasının heç bir fərqi yoxdur”

COVID-19 infeksiyası ilə mübarizədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) ünvanlanan ittihamların yersiz olduğunu vurğulayan həmsöhbətimizin sözlərinə görə, onun üçün bu işlə Səhiyyə Nazirliyinin, ya da TƏBİB-in məşğul olmasının heç bir fərqi yoxdur: “Baxın, Gürcüstanda bu pandemiya ilə mübarizədə heç Səhiyyə Nazirliyinin adı yoxdur. Orda bu işə “üç muşketyor” adlandırılan Milli Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, Luqar adına laboratoriyanın rəhbəri Paata İmnadze, Tbilisinin İnfeksiya Xəstəlikləri, QİÇS və İmmunologiya Mərkəzinin rəhbəri Tengiz Tsertsvadze nəzarət edir. Artıq onlar virusu lokallaşdırıblar. Ümumiyyətlə, heç orda soruşan yoxdur ki, səhiyyə naziri nə işə baxır. Düzdür, Gürcüstanda başqa mütəxəssislər olsa da, ictimaiyyətin qarşısına çıxan məhz bu üçlükdür. Bizdə də TƏBİB-dir. Nəzərinizə çatdırım ki, tibbi sığortanın tətbiqi ilə bağlı TƏBİB adlanan qurum yaradıldı. Yəni İcbari Tibbi Sığorta Agentliyi əhalidən pul yığmalıydı, TƏBİB də əhaliyə pulsuz sığorta xidməti göstərməli idi. Bu qurum yaradıldıqdan sonra isə tibb müəssisələrinin əksəriyyəti Səhiyyə Nazirliyinin tabeçiliyindən çıxarılıb TƏBİB-ə verildi. Bu tibbi sığorta kimi çox nəhəng sosial layihənin həyata keçirilməsi üçün edildi. Mən bunu alqışlayıram, bu çoxdan lazım idi. Gürcüstanda pandemiya ilə mübarizədə sığorta sisteminin varlığı çox böyük kömək etdi. Bizdə isə TƏBİB yazıq gözünü açmamış virus başımızın üstünü aldı. Şəxsən mənim üçün bu işlə nazirliyin, ya da TƏBİB-in məşğul olmasının heç bir fərqi yoxdur. Burda elə bir fərq görmürəm. Bu gün üzdə görünən TƏBİB-in sədri Ramin Bayramlıdır. Lakin o, tək işləmir, ölkənin bütün mütəxəssisləri cəlb olunub. İctimaiyyətin qarşısına çıxan o, olduğuna görə, bir çoxunun əsassız tənqid hədəfinə tuş gəlir. Bu fikirlərlə razı deyiləm”.

“Hamı bilməlidir ki, cərimə vəziyyətdən çıxış yolu deyil, vəziyyətdən çıxış yolu yoluxma zəncirinin qrırılmasıdır”

Vaqif Qarayev qeyd etdi ki, Azərbaycanın pandemiyadan nə vaxt tam xilas olacağını, ya da prosesi ilin sonuna kimi stabilləşdirməyin mümkün olacağını demək olduqca çətindir: “Əslində, dünyada bununla bağlı sualı cavablandıra biləcək heç kim yoxdur. Çünki COVID-19 təbabət, dünya üçün tamamilə yeni virusdur. Belə ki, koronavirus ümumi anlayışdır, böyük bir virus ailəsidir. Amma indi dünyanı cənginə alan COVID-19 həmin ailədən olan yeni bir virusdur. Məsələn, tez-tez deyirlər ki, ikinci, hətta üçüncü dalğa olacaq. Mənə elə gəlir ki, əvvəlcədən müsbət və ya mənfi yöndən proqnoz vermək çox təhlükəli ola bilər. Baxın, ABŞ kimi qüdrətli bir dövlət çox rəzil durumdadır, heç nə edə bilmir. Eləcə də Avropanın inkişaf etmiş ölkələri belə, kifayət qədər itki verib. Odur ki, indi heç kim gələcəkdə bizi nəyin gözlədiyini deyə bilməz. Burada əsas məqsəd yoluxma zəncirinin qırılmasıdır. Yəni yoluxma sayı azalmalıdır ki, xəstəxanalarda yatan xəstələrin sayı azalsın. Dünyada qəbul olunmuş termin var: Xəstəxana yükü azalmalıdır. Çarpayı, xəstə insanlara xidmət edəcək tibb personalı yetərincə olmalıdır. Lakin yoluxma sayı çox olacaqsa, çarpayı tapılmayacaqsa, yaxud da çarpayı olsa belə, xəstəyə qulluq edəcək həkim olmayacaqsa, onda vəziyyət çox kritikləşə bilər. Məsələn, İtaliyadakı kimi. Bu baxımdan, çox istərdim ki, payıza qədər bizdə yoluxma sayı mümkün qədər minimallaşsın. Baxın, hamı hökuməti, TƏBİB-i tənqid edir, irad tutur, narazılıq edir. Düşünürəm ki, ölkədə nüfuzu olanlar, əhalinin inandığı şəxslər, xüsusən də mətbuat orqanları, telekanallar tənqid etməklə yanaşı, əhaliyə də qaydalara riayət etmələri ilə bağlı çağırış etməlidirlər. Hamı bilməlidir ki, cərimə vəziyyətdən çıxış yolu deyil. Vəziyyətdən çıxış yolu yoluxma zəncirinin qrırılmasıdır. Cərimə isə sadəcə, zənciri qırmaq üçün bir vasitədir. Buna görə də hər kəs əhaliyə çağırış etməlidir ki, əgər bu bəladan tez xilas olmaq istəyiriksə, onda deyilənlərə əməl olunmalıdır”.

Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org