“COVİD-19” testinin nəticələrinə dair sənədləri saxtalaşdıran vəzifəlilər ifşa olundu - PROKURORLUQ AÇIQLAMA YAYDI

Baxış sayı:
673

“ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən redaksiyamıza verilən məlumat görə, aparılmış ibtidai istintaq zamanı məlum olub ki, “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək üçün həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb. Ümumilikdə adları yuxarı qeyd olunanlar bu sənədləri 12 min 120 manata satıblar. Həmin hərəkətləri ilə onlar dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır.

Qeyd edilənlərə əsasən, Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda, rəsmi sənədləri qanunsuz hazırlama və satma və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.