DEPUTATIN POLİSİ DÖYMƏSİ TƏSDİQLƏNDİ - Araşdırma başlanıldı / Yenilənib

Baxış sayı:
816

Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib.

"Report"un sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib.

Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

***

Deputatın polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

"Bakupost.az"a daxil olan məlumata görə, hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.

***

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

Xaçmaz sakinləri Bakıpost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.

Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib. Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Hazırda polis işə çıxmır. 

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gedib, ondan məsələni böyütməməyi xahiş ediblər.

DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə mətbuata deyib ki, Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat daxil olmayıb.