“Direktor 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir” – MÜƏLLİMLƏR SEVDAYA ƏLİYEVAYA ETİRAZ EDİR

Baxış sayı:
9967

“Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq biz daha boğaza yığılmışıq. 2-ci ildir ki, məktəbimizə Sevda Əliyeva adlı bir nəfəri direktor əvəzi göndəriblər. Məktəbə ayaq basdığı gündən ancaq pul yığır”.
Muxalifet.az xəbər verir ki, bu haqda məktəbin bir qrup müəllimi adından Aynurə Tahirova yazır. Şikayətçi daha sonra əlavə edir:
“Sevda Əliyeva bizim məktəbə gələnə kimi 500 manata 30 saat dərs alırdıq. Bu, lap ağ eləyib. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir, kimin pulu var verib dərsini alır. Bizim pulumuz yoxdur, deyir sizə dərs düşmür. Deyir «mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər, nazir kimdir mənə göstəriş verə? Mənim arxamda icra başçısı Zakir Fərəcov və təhsil şöbəsinin müdiri Arzu Alızadə durub, nə edirəm onların tapşırıyla edirəm».
Sərt karantin vaxtı bizi məcbur edib işə çıxardırdı, sms götürüb məktəbə gəlib 3-4 saat  qorxa-qorxa oturub gedirdik ki, birdən polis tutub cərimə edər. 2 ildir ki, stres içində yaşayırıq. Özü həkim qızının tanışları vasitəsiylə vaksin vurdurmadan saxta Covid-19 pasportu alıb, bizi hədələyir ki, sentyabrın 15-ə kimi hər iki vaksini vurdurmayan işə buraxılmayacaq. Qanını yoxlasalar, inanın vaksin vurdurmadığı aşkar olacaq.
Məktəbdə başqa bir neçə yaxın olan müəllimlərə də belə saxta pasport təşkil edib. Bu qadın əvvəl işlədiyi Sumqayıt 2 saylı orta məktəbdən də elə bu cür əməllərinə görə qovulub, yenə dərs çıxarmayıb, direktor imtahanından keçə bilməyən adamı bizə rəhbər qoyublar, gələn gündən “pul”, “pul” deyir.
Diaqnostikdən 6 bal yığana dərs verir, 40 bal yığana vermir, deyir pul verməsən dərs yoxdur, mən yuxarı haqq verirəm, şəhərdə abadlıq işləri görülür, şəhərin şəhid və qazi ailələrinə yardım edirik. Halbuki yalan deyir. Prezident ildə neçə dəfə Sumqayıtın abadlğına pul ayırır, şəhid və qazi ailələrinə də YAŞAT fondu qayğı göstərir.
Sevda Əliyeva dərsləri satıb pulunu Arzu Alızadə ilə bölür. Bizdən pul yığıb saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırır. Sonra da bizə deyir ki, hər sayta ayda 200 manat verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva 2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edib, deyib ki, «filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbi komissiyadan keçməyəcək».
Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidir, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyir. Bu cür yollarla dərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıb pulunu özünə götürür. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmışıq və nə edəcəyimizi bilmirik. İş o yerə çatıb ki, məktəbin savadlı müəllimləri qıraqda qalıb başqa məktəblərin müəllimələrini çağırır ki gəlin pul verin dərs verim. Bazar günü məktəblər bağlıdır, Sevda Əliyeva dərs bölgüsü edir, biz haqsızlığa etiraz edəndə də özünə nəsə edib qanını üstümüzə tökəcəyini deyir.
Çox xahiş edirik, məktəbimizə elə öz kollektivimizdən Elnurə müəllimə direktor əvəzi təyin olunsun, məktəbin işini də o aparırır, özü də ədalətli insandır. Biz Sevda Əliyevanı istəmirik”.
Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.