ERMƏNİLƏR DƏRİN MƏNƏVİ SARSINTI İÇİNDƏ - Ölkədə sosial parçalanmalar qaçılmazdır

Baxış sayı:
2176

Savaşan hər ölkənin ən böyük silahı daxili həmrəylikdir. Sirr deyil ki, ölkə əhalisinin eyni hədəf uğrunda birləşməsi orduların döyüş ruhunu, qələbə əzmini artırır. Adətən ədalətli müharibə aparan, öz torpaqları, dövlətinin ərazi bütövlüyü uğrunda çarpışan ordular ona görə ən ağır müharibələrdə belə qələbə qazanırlar ki, onların mənsub olduqları ölkənin bütün fərdləri daxilən özlərini haqlı sayır və bir hədəf uğrunda birləşə bilirlər. Bu gün iqtidarlı-müxalifətli Azərbaycan cəmiyyəti kimi. Bəzən bir-iki özünübilməzin həddini aşan təkəmseyrək çıxışlarını nəzərə almasaq, həqiqətən də ölkəmizin bütün fərdləri bu müharibənin aparılmasının vacibliyinə inanır, verdiyimiz itkilərə görə təəssüf hissi yaşamır, əksinə düşmənlə mübarizədə bir yumruq kimi daha sıx birləşə bilir.
 
İşğal ordularının ölkələri isə istər-istəməz bu hissi yaşamaqdan uzaq olurlar. Çünki üzərində bombalar partlayan torpaq onların deyil, başqalarının vətənində ölən isə onların övladlarıdır. Üstəlik, qarşılarında əzmli və bir qarış torpağını belə güzəştə getməyən qəhrəman bir millət görürlər. Nəticədə bu perspektivsiz savaşdan çəkinib geri addım atmaq istəyənlərinin sayı durmadan artır və haqsızlıq psixologiyası daxili parçalanmalara, ziddiyyətlərə səbəb olur. Nədən ki, bir qrup hakim zümrənin işğalçılıq siyasətinə öz övladlarını qurban vermək istəmirlər. Axı, uğrunda savaşdıqları vətən onların olmasa da qətlə yetirilən bədən onlarındır.
 
Ermənistan ictimaiyyəti də hazırda bu ağır psixoloji halı yaşayır. Düşmən ölkənin bütün media qurumları üzərində yaradılan ağır senzura bu gün həmin psixoloji sarsıntının açıq görünməsinin qarşısını alsa da, artıq bu etiraz səsləri getdikcə Paşinyan tərəfdarlarının da qulağını cingildədir və onları ciddi təşvişə salır. Ən maraqlısı isə budur ki, etiraz səsləri yalnız sadə ermənilər tərəfindən də səsləndirilmir, bir sıra dövlət xadimləri də artıq bu səsə səs verməyə başlayıblar.
 
"Tovmasyan" Xeyriyyə Fondunun Himayəçilər Şurasının sədri Artak Tovmasyanın dünən Ermənistanın dövlət xadimlərinə ünvanlandığı çağırışda düşmənin bu cür ağır psixoloji sarsıntı keçiridiyi açıq-aydın ifadə olunur.
                        
Ovqat.com Artak Tovmasyanın həmin çağırışından bəzi cümlələri olduğu kimi təqdim edib:
 
Baş nazir Nikol Paşinyan öz məktubunda çox böyük insan tələfatı və ərazi itkisi olduğunu açıq şəkildə bəyan edib.
Dəhşətli və gündən-günə güclənən, gənc övladlarımızın həyatına son qoyan bu müharibəni arxa cəbhədə görülən işlərlə paralel aparmaq üçün sizi geniş siyasi həmrəylik yaratmağa çağırıram.
Müharibəni dayandırmaq, Azərbaycan hakimiyyətini mümkün qədər tez konstruktiv məcraya qayıtmağa məcbur etmək, bununla da müharibə dəhşətlərinin qurbanı olmaq təhlükəsi qarşısında duran minlərlə erməni övladımızı və bu günlərdə ən ciddi təhlükə qarşısında duran dövlətimizi xilas etməyə borcluyuq.
Bütün resurslardan, əlaqələrdən istifadə etmək lazımdır. Geridönməz itkiləri dayandırmaq artıq mümkün deyil. Birləşin, dar şəxsi, siyasi maraqları və ambisiyaları rəhbər tutmadan dövlət naminə hərəkət edin. Bir anlıq problemləri kənara qoyun və bizim dövlətçiliyimizi itirməmək üçün yeganə məqsədi olan vəhdətin başlanğıcını qoyun".