Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü

Baxış sayı:
414

Ermənistan prezidenti Armen Sarkisyan "Vətənin xilası hərəkatı"ndan baş nazirliyə namizəd Vazgen Manukyan, "Vətən" Partiyasının lideri Artur Vanetsyan, ARFD və ERP-nin nümayəndələri Artsvik Minasyan və Vaqram Baqdasaryanla görüşüb.

Bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüş zamanı tərəflər ölkədə yaranmış böhran barədə fikir mübadiləsi aparıblar: “"Gərginliyin azaldılması və vəziyyətin sülh yolu ilə həlli məsələləri müzakirə olunub”.

Müxalifət qüvvələrinin nümayəndələri öz yanaşmalarını və fikirlərini prezidentə təqdim ediblər.

Görüşdən sonra müxalif "Vətənin xilası hərəkatı"nın liderlərindən biri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib ki, A.Sarkisyan onların fikirlərini dinlədikdən sonra baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi Baş Qərargah rəisi Onik Qasparyanla da görüşəcəyini bildirib: “Vəziyyətin son dərəcə çətin olduğu və dövlətçiliyin itirilməsi təhlükəsi olduğuna dair bir fikir birliyi var və mövcud vəziyyətdən çıxmaq üçün konkret və operativ qərarlar qəbul edilməlidir. Buna görə də bütün qüvvələr bu vəziyyətdən çıxmaq üçün səylərini birləşdirməlidirlər”.

Qeyd edək ki, Ermənistan prezidenti daha əvvəl parlamentin “Mənum addımım” fraksiyasından Lilit Makuntsla, “Çiçəklənən Ermənistan”dan Edmon Marukyanla, partiyanın katibi Arman Abovyanla və parlamentin spikeri Ararat Mirzoyanla da görüşmüşdü.