“Ermənistanda hakimiyyətin çevriliş yolu ilə dəyişilməsini məqbul hesab etmirik” – “Bu, Cənubi Qafqazda uzunmüddətli destablizasiya yarada bilər”

Baxış sayı:
1168

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə həyatına dair bir sıra ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə ölkə başçısının 26 fevral tarixində keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. Dağlıq Qarabağda yerləşdirilən rus sülhməramlılarının fəaliyyətinə diqqət çəkən dövlət başçısı onların 10 noyabr sazişində nəzərdə tutulmuş şərtlərdən kənara çıxması, Azərbaycan hakimiyyətinin icazəsi olmadan ərazilərimizə xarici vətəndaşların gəlməsinə münbit şərait yaratması, erməni hərbi birləşmələrinin yenidən ərazilərimizə gətirilməsi, separatçı rejimin rəhbərləri ilə əməkdaşlıq edilməsi faktlarını dolayı yolla tənqid etməsi təqdir edilib. Partiya yetkililəri “sülhməramlı” adı altında ərazilərimizə böyük kontingendə hərbi birləşmələrin yerləşdirilməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti üçtərəfli sazişin şərtlərinə əməl etmədiyinə görə Rusiya və Ermənistanla bağlanan sazişə əməl etmədiyi halda ölkəmizin yenidən hərbi əməliyyatlara başlaması hüququnu özündə saxlaması barədə onlara xəbərdarlıq etməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti mətbuat konfransında bir sıra dövlət şirkətlərinin səmərəsiz fəaliyyəti, bu şirkətlərin dövlət büdcəsinə ciddi ziyan vurması faktı barədə prezidentin səsləndirdiyi fikirləri təqdir edib və həmin şirkətlərin fəaliyyətləri ilə bağlı şəffaf qaydada audit yoxlama aparılması istiqamətində addımlar atılmasının vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti Ermənistanda yaşanan hakimiyyət bohranı və onun ətrafında yaranan gərginlikləri dəyərləndirib və bu ölkədə hakimiyyətin hərbi çevriliş yolu ilə dəyişilmə cəhdlərini Cənubi Qafqazda uzunmüddətli destablizasiya yarada biləcəyini qeyd edib və hər hansı bir ölkədə çevriliş yolu ilə hakimiyyət dəyişilməsini məqbul hesab etməyib.
İdarə Heyəti son vaxtlar ölkədə işsizliyin artmasından, aztəminatlı ailələrin sosial vəziyyətinin daha da çətinləşməsindən, süni şəkildə qiymətlərin artırılmasından ciddi narahatçılığını ifadə edib və hakimiyyət strukturlarını süni bahalaşmaya səbəb olan monopoliyanın, rüşvətxorluğun qarşısının alınması, əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün sosial-iqtisadi yönümlü islahatlar keçirməsini vacib hesab edib.
 
Muxalifet.az