Ermənistanda Polad Həşimov rayonu var? – NAZİRLİKDƏN REAKSİYA

Baxış sayı:
505

Şəhid generalımız Polad Həşimovun adına Ermənistanda guya rayon olmasının “Quql xəritə"də (Google maps) qeydi ilə bağlı məsələ araşdırılacaq.

Muxalifet.az xəbər verir ki, bunu axar.az-a “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində Polad Həşimovun adına rayon qeyd olunmasına münasibət bildirən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, bununla bağlı məsələ təsdiqini tapdığı halda Quql şirkətinə növbəti müraciət ünvanlanacaq.

Nazirlik rəsmisi, həmçinin bildirib ki, bəzi Azərbaycan rayonlarının adlarının da sözügedən elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və XİN tərəfindən dəfələrlə Quql şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib.

“Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Quql xəritə” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Bu halda vətəndaşlarımız fəal şəkildə adıçəkilən elektron xəritədə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər", - nazirlikdən bildirilib.

Kibertəhlükəsizlik üzrə ekspert Fərid Zeynalovun fikrincə, çox güman ki, həmin adı xəritədə azərbaycanlılar yaradıb:

“Bu hal ilk dəfə baş vermir, Ermənistanın xəritəsində “Qarabağ bizimdir, bizim olacaq” adlı məkan da var. İstənilən istifadəçi “Quql xəritə” platformasına daxil olduğu zaman kompüter siçanının sağ düyməsinə basaraq “Xəritədə mövcud olmayan yeri əlavə etmək” və ya “Biznesi əlavə etmək” kimi bölmələri işlədə bilər. Həmin bölmələrin vasitəsilə xəritə koordinatlarını dəyişmək mümkündür. Görüntüdən də məlumdur ki, qeyd olunan ərazi rayon deyil, “Polad Həşimov Rayonu” adlı müəyyən obyektdir”.

Qeyd edək ki, “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində şəhid generalımız Polad Həşimovun adına rayon qeyd olunub.

Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavab