“Fransa anlayır ki, Azərbaycanla problemləri olacaq” – MDU-nun kafedra müdiri Suren Avakyan

Baxış sayı:
3249

Ermənilər Fransa Senatının Azərbaycan və Türkiyəyə qarşı biabırçı qətnaməsini tarixi hadisə kimi qələmə verməyə çalışsalar da, onların arasında bu sənədin mənasız kağız parçası olduğunu açıq bəyan edənlər də az deyil.

Moskva Dövlət Universitetinin kafedra müdiri Suren Avakyan “RİA Novosti”-yə açıqlamasında sözügedən qətnamənin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində heç bir rol oynamayacağını deyib. Əksinə, bu addım Fransanın özünə ziyan vuracaq və onun Azərbaycanla münasibətlərini çətinləşdirəcək: “Dağlıq Qarabağın Fransa tərəfindən mümkün tanınması onun Azərbaycanla münasibətlərini ağırlaşdıracaq, lakin Qarabağ münaqişəsinin tənzimlənməsinə əhəmiyyətli təsir göstərməyəcək.”

Suren Avakyan Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı xəbərdarlığını da xatırladıb: “Azərbaycan Prezidenti deyib ki, hər hansı bir dövlət Qarabağın suverenliyini elan etsə, dərhal onunla bütün diplomatik əlaqələrini kəsəcək. Odur ki, görünür Fransa anlayır ki, əgər bunu etsə, onun Azərbaycanla problemləri olacaq.”

Mütəxəssis qeyd edib ki, bu prosesdə Fransa və ABŞ-ın iştirakı bəyanat və sözlərdən o tərəfə getmir: “Tənzimlənmə prosesi bu qətnamədən ziyan görməyəcək, ona görə ki, Fransa da ABŞ kimi bu tənzimlənmə prosesində sözdə, Rusiya isə əməldə iştirak edir. Qarabağ müstəqilliyini elan etsə, Rusiya bunu sadəcə, məlumat kimi qəbul edəcək, başqa heç nə. Çünki hələ yenicə münasibətlərin qurulmasına başlanılıb və yəqin ki, Rusiyanın orada olması müharibə olmamasının yeganə yoludur.”

Bu arada Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov dolayısı ilə Fransanın bu məsələyə müdaxiləsinə tərəfdar olmadığını və bu qətnamənin heç bir əhəmiyyət daşımadığını deyib: “Bu təşəbbüsün elə hökumətə tövsiyə olaraq da qalacağına heç bir şübhə yoxdur. Bəlkə də elə bu cür olması yaxşıdır. Çünki Dağlıq Qarabağ ətrafındakı situasiya ilk növbədə Azərbaycan-Ermənistan ikitərəfli dialoqunun predmeti olmalıdır, ultimatumlar və güc ssenariləri olmadan.”/azpolitika