“GƏLİN, REALİST OLAQ VƏ MÜHARİBƏYƏ HAZIRLAŞAQ...” – Ermənistan danışıqlardan imtina edir, bəs sonra?...

Baxış sayı:
1561

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin həllinə dair Azərbaycan və Ermənistan tərəfindən imzalanmış sənədlərin mövcudluğu barədə açıqlamasından sonra hər hansı bir paketin və ya Ermənistan və Azərbaycan arasında razılaşmanın qəbuledilməz olduğunu bəyan edib. 

"Gəlin, danışıqlar mövzusunu müzakirə etmək əvəzinə realist olaq və müharibəyə hazırlaşaq", - o bildirib.

Əlbəttə, bu cür bəyanatla rəsmi İrəvan danışıqlardan imtina etdiyini dollayı yolla göstərməyə çalışır. Bəs Azərbaycan nə etməlidir, Bakının cavabı nədən ibarət ola bilər?

Politoloq Zərdüşt Əlizadə "AzPolitika.info"-ya şərhində bildirib ki, separatçıların liderinin bu bəyanatı situasiyanı dəyişmir. "Münasqişənin iki həll yolu var: hərb və ya sülh. Hazırda Rusiya və Ermənistan rəhbərliyi sülh, danışıqlar vasitəsi ilə münaqişənin nizama salınmasına imkan vermirlər. Problemin hərbi yolla həlli də hazırkı şəraitdə mümkün görünmür. Çünki bu, bilavasitə Rusiyadan asılıdr. Moskva hər iki münaqişə tərəfini təzyiq altında saxlayır və onlara müstəqil addımlar atmağa imkan vermir. Qarabağda bir halda müharibə mümkündür ki, bu da Putinin ona razılıq verməsindən asılıdır. Putin isə hər iki ölkəni qalın barmaqlıqları olan qəfəs salıb və açarını da cibində saxlayır". 

Z.Əlizadə bildirdi ki, təsvir etdiyi mənzərə separatçıların rəhbərinin prosesdə heç bir təsir imkanlarına malik olmadığını göstərir. Ona görə də Araik Arutyunyanın nə deməsi Azərbaycan üçün əhəmiyyətli deyil.

Deputat Elman Nəsirov isə deyib ki, son zamanlar işğalçı dövlətin münaqişənin həllilə bağlı mövqeyində hərbi ritorikanı gücləndirməsi nəzərə çarpır: "Ermanistanın ali, hərbi siyasi rəhbərliyinin nə zaman ki, mövqeyində hərbi ritorika güclənir, bu o deməkdir ki, Ermənistanda daxili situasiya getdikcə pisləşir. Artıq Ermənistanda bütün müxalif siyasi qüvvələr Paşinyana qarşı birləşməyə başlayıb. Hətta onu vaxtilə meydanda müdafiə edən qüvvələr belə Paşinyana etimadsızlıq göstərir. Bütün bunlar təbii ki, Paşinyana çox böyük həyəcan gətirir. Belə olan vəziyyətdə Paşinyan diqqəti özündən başqa yerə istiqamətləndirmək istəyir. Ona görə də Paşinyan Azərbaycanla danışıqlardan imtina edir, hərbi ritorikanı gücləndirir və cəbhədə təxribatlara əl atır. Bununla da o, Ermənistanda daxili böhranları həll etmək yerinə ictimaiyyətin diqqətini daxili iqtisadi, sosial problemlərdən yayındırmaqla hakimiyyətdə qalmaq istəyir. Bu gün Ermənistan hökumətinin danışıqlardan imtina edərək sülhə zərbə vuran bəyanatları Paşinyanın siyasi şousudur".

Elman Nəsirov qeyd edib ki, bu kimi bəyantların verilməsində və regionda vəziyyətin gərginləşməsində Ermənistan hökuməti ilə yanaşı ATƏT-in Minsk Qrupu da məsuliyyət daşıyır: "Heç şübəhsiz ki, düşmən tərəfinin əlaltılarının və ya özlərini səsləndirdiyi məsuliyyətsiz, sərsəm bəyanatları münaqişənin sülh yolu həlli imkanlarını buxovlayır. ATƏT-in Minsk qrupunun qeyri-prinsipial mövqeyi, ünvansız bəyanatları təcavüzkar və təcavüzə məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyması bölgədə durumun gərginləşməsinə şərait yaradır. Azərbaycan ola biləcək müharibənin başlanmasında heç bir məsuliyyət daşımayacaq. Müharibə olarsa, bu Ermənistanın biabırçı məğlubiyyətilə nəticələnəcək".