Gürcüstan polisi yenə Metin Erdemin TIR-ını saxladı, Mübariz İbrahimovun portretini sökməyi tələb etdi - NAXÇIVANDAN DUZ APARANDA / FOTO

Baxış sayı:
1508

Türkiyəli TIR sürücüsü, idarə etdiyi maşının kuzovu üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun böyük portretini asan Metin Erdem yenə Gürcüstan polisi tərəfindən saxlanılıb.

Türkiyə KİV-ləri xəbər verir ki, bu haqda Erdem özü danışıb.

Metin Erdem neçə vaxtdır ki, TIR-ın üzərində Mübariz İbrahimovun və 2016-cı ildə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı FETÖ-çü general Semih Terzini güllələyən, daha sonra onun mühafizəçiləri tərəfindən öldürülən zabit Ömer Halisdemirin portretlərini daşıyır. Və dediyinə görə, beynəlxalq səviyyədə tanınan bütün müvafiq icazə sənədləri var. Lakin hər dəfə Gürcüstan sərhədini keçəndə onu həmin portretlərə görə saxlayıb incidirlər.

Bu dəfə Metin Erdem 6 TIR sürücüsü ilə birlikdə Naxçıvandan yüklədikləri duzu Gürcüstana çatdırmaq üçün yola çıxıb. Naxçıvandan Türkiyəyə daxil olandan sonra Ərdəhan Türkgözü sərhəd-keçid məntəqəsindən Gürcüstana keçib. Burada ölkəyə daxil olan avtomobilləri yoxlayan gürcü polisi Metin Erdemin 76 AAB 845 dövlət nömrə nişanlı TIR-ını saxlayıb. Və qəhrəmanların portretləri ilə bağlı sorğu-sual edib. Sürücü portretləri daşımaq üçün icazə sənədini göstərərək yoluna davam etmək istəyib, ancaq polis onun sənədlərini və pasportunu əlindən alaraq Mübariz İbrahimovun portretini sökməyi tələb edib.

 

Sürücü qəhrəmanların onun üçün önəmi haqda danışaraq polislərlə mübahisə edib. Lakin ona ölkəyə keçid icazəsi verməyiblər. Bunu görən TIR sürücüləri Türkiyə jandarmasının 156 nömrəli qaynar xəttinə zəng vurub. Ərdəhandakı jandarma məmurları məsələni Gürcüstandakı Türkiyə konsulluğuna çatdırıb. Konsulluğun işə qarışmasından sonra gürcü polisi Metin Erdemin TIR-ının ölkəyə keçməsinə nəhayət icazə verib.

“Gürcüstan sərhədində həmişə Mübariz İbrahimovun portretinə görə problem yaşayıram. Portreti görən polislər hər dəfə məni sərhəddə 4-5 saat gözlədir, icazə sənədlərimi, pasportumu alır. Sonuncu dəfə də belə oldu, maşınımı saxladılar, kənara çəkdilər. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu deyərək portretə icazə verməyəcəklərini dedilər. Mən də onlara hər iki qəhrəmanın milli qürurumuz olduğunu dedim, portretləri sökməyəcəyimi bildirdim. "Bura Ermənistandır, yoxsa Gürcüstan?!" deyə onlara etiraz etdim. Gürcü polislərin ilə hər dəfə yaşadığım problemlərdən bezdim, yoruldum, amma bu portretləri sökməyə məni heç kim məcbur edə bilməz. Səlahiyyətli şəxslərdən kömək istəyirəm. Maşınımın üstündəki portretlərlə birlikdə uyğunluq sənədləri var. Mənə bu məsələdə kömək etdinlər”,-türkiyəli sürücü deyib./Virtualaz.org