Gürcüstanda baş verən proseslərin pərdəarxası - SAAKAŞVİLİ GÜRCÜSTANIN RUSİYADAN XİLASI ÜÇÜN NƏLƏRİ PLANLAŞDIRIB...

Baxış sayı:
1330

Gürcüstan istebleşmentində Fransa Zurabişvilinin simasında, Rusiya isə Bidzina İvanişvilinin simasında təmsil olunur...   

Gürcüstanda seçkilər geridə qaldı, amma Saakaşvilinin qəfil geri dönüşü ilə çaxnaşmaya qərq olan ölkə seçki nəticələrni yerbəyer etməkdədir. Saakaşvilinin Gürcüstana qayıdışının bəlli olan son təfərrüatlarından məlum olur ki, o, təhlükəsizlik orqanlarına özü zəng edib və yerini bildirib. Bu barədə CASE kompaniyasının təsisçisi, təhlükəsizlik üzrə ekspert Laşa Patariya bildirir.
Onu sözlərinə görə, gürcü xüsusi xidmət əməkdaşları həqiqətən də Saakaşvilinin ölkədə olması barədə heç bir şey bilmirdilər. Bundan təxminən 1 ay əvvəl isə “TV Pirveli” telekanalında Saakaşvilinin Gürcüstana dönüş səbəbini əsaslandıran müsahibəsi yayınlandı. Müsahibədə o, Gürcüstanın süqut etməsi və dünya xəritəsindən silinməsi təhlükəsi haqda bəyan etmişdi.
"Bütün bu illər ərzində ilk dəfə dedim ki, nəticənin necə olacağından asılı olmayaraq gəlirəm. Kim istəyir bəyənsin, istəməyən bəyənməsin və məni nə ilə təhdid edirlərsə etsinlər... Həyatımda ilk dəfə dedim ki, indi mənim keçmiş illərdə dediyim – bizim vətəni itirmək səviyyəsinə çatmağımız baş verir. Əvvəlki illərdə də proses buna doğru gedirdi, amma vəziyyət indiki kimi kritik deyildi", - deyə Saakaşvili bildirmişdi. Onun fikrincə, indi vəziyyət o qədər ağırdır ki, şərtiliklərə vaxt qalmayıb.
"Gəlin əvvəlcə qalib gələk, gəlin, bir çox insan əvvəl ortaya çıxsın, sonra isə nə olacaqsa olsun.  Harada qırılır qırılsın. İndi biz hamımız buna məcburuq, başqa çıxış yolu yoxdur. Gürcüstan ölür, Gürcüstan xəritədən yox olur və biz hamımız bu vəziyyəti görürük, ölkəmiz çox çətin vəziyyətdədir", - ifadələri ilə Saakaşvili dönəcəyi haqda xəbərdarlıq etmişdi.
Bəli, həqiqətən bu proses getməkdədir və bu gedişlə Gürcüstan Rusiyanın çətirinin altında əriyəcək. 
Gürcüstan hakimiyyətini “siyasi zəlzələyə” salmaq əslində elə “Sandra Rulofsun dediyi kimi, “Mişanın qələbəsi” idi. Əlbəttə, seçkilərin inzibati tərəfi olması ilə yanaşı, beynəlxalq geosiyasi tərəfi də var idi. Hakim “Gürcü arzusu” iqtidarının Rusiyadan bəsləndiyi sirr deyil. Eləcə də Fransadan. Xatırlayırsınızsa, seçki tarixindən 6 gün əvvəl prezident Salome Zurabişvili Gürcüstana gəldiyi ölkəyə - Fransaya səfər etdi və məşhur “Zəfər tağı” ətrafında prezident Makronla görüşdü və onun dəstəyini aldı. Gürcüstan istebleşmentində Fransa Zurabişvilinin simasında, Rusiya isə Bidzina İvanişvilinin simasında təmsil olunur.   
Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi məlumata görə, prosesdə 1 815 767 nəfər iştirak etmişdir ki, bu da ümumi seçicilərin 51,92%-dir. Bu barədə MSK-nın sözçüsü Natiya İoseliani mətbuat komfransında bildirib.
Məlumata görə, seçkidə 366 ədəd pozuntu qeydə alınıb. Ən iri müxalif qurum - Vahid Milli Hərəkat Partiyası proporsional qaydada 11 şəhərdə liderlik edir. Açıqlanan nəticələrə görə, VMH Batumi, Zuqdidi, Tsalencixa, Tsxaltubo, Dmanisi, Qardabani, Rustavi, Telavi, Xulo, Senaki və Axmeta üzrə birinci yerə çıxıb. Qalan 53 rayonda isə “Gürcü arzusu” liderlik edir. 64 munisipalitetin 20-də seçkilərin 2-ci turu keçiriləcək. “Gürcü arzusu”ndan Kaxa Kaladze 45,28%, Vahid Milli Hərəkat Partiyasının təmsilçisi Nikanor Melia isə 34,27 % səs toplayıb. Telavidə də ikinci tur ehtimalı böyükdür. Telavidə hakim partiyadan Levan Andriaşvili 47, 18%, VMH-dan isə Georgi Botkoveli 44,96% səs toplayıb. Tianeti şəhər merliyinə “Gürcü arzusu”ndan Levan Tsiklauri 43,19%, “Gürcüstan naminə” partiyasından Tamaz Meçiauri 30,9% səs toplayıb. Bu kimi bir xeyli göstəricilər sadalamaq  olar. 
Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə Saakaşvilinin VMH-nin sədri Nika Meliyaya məktubuna cavab olaraq hədə-qorxu ritorikasından əl çəkməyəcəkləri siqnalını verib. Bildirib ki, “qoy, o, özünü yaxşı aparsın. Yoxsa, biz onun cinayət işinə əlavə maddələr əlavə edərik və qalanlarını da onun yanına göndərərik”. Təkcə bu kəlimələr seçkini idarə edən hakimiyyətin onu şəffaf keçirməsini şübhə altına alır. Qaribaşvili xüsusilə bəyan edib ki, “Saakaşvili xəstədir və müalicəyə ehtiyacı var. Bəlkə həbsxanada ən azı 6 il istirahət edər”. Açıq görünür  ki, yaranmış siyasi böhranı çözmək iqtidarında olmayan gürcü hökuməti Saakaşvili-Navalnı analogiyasından istifadə etmək niyyətindədir. Amma unudurlar ki, Saakaşvilinin Navalnıdan fərqli olaraq prezidentlik tərcümeyi-halı var. 
Ümumi götürsək, hakimiyyətin də seçki saxtakarlığı cəhdlərini nəzərə alsaq, nəticələr müxalifət üçün, eləcə də VMH üçün tam arzi edilən qədər qənaətbəxş olmasa da, pis də olmadı. Xüsusilə, dediyimiz kimi, hakimiyyətin əsasən kəndlərdə reallaşdırdığı müxtəlif karusellərə, saxtakarlıq cəhdlərini nəzərə alsaq. Bu səbəbdən Saakaşvili hələlik bildirib ki, mitinqlər keçirməyə ehtiyac yoxdur. Əlbəttə, 2-ci tura qədər. İndi diqqət seçkilərin 2-ci turuna hazırlaşmağa və seçki prosesinin gedişində qeydə alınmış qanun pozuntularının araşdırılması üçün məhkəmələrə müraciətə veriləcək. Əgər hər şey hakimiyyətin hesabladığı qədər hamar getmirsə, əslində Saakaşvili müəyyən qədər məqsədinə çatmış sayıla bilər. İkinci turda müxalifət birgə olaraq səsləri VMH partiyasına versə, bu akt Gürcüstanda hakimiyyətin dinc yolla, mərhələli şəkildə dəyişməsinin başlanğıcı ola bilər.
Bu arada, Beynəlxalq səviyyədə də Saakaşvilinin simasında VMH-a dəstək mesajları ifadə olundu. Belə ki, Avroparlamentin Mühafizəkarlar və İslahatçılar fraksiyası Gürcüstanın sabiq prezidenti Saakaşvilinin həbs olunmasından narahatçılığını ifadə edib. Onları fikrincə, Saakaşvilinin vətəninə qayıtmaq hüququ var idi və hakim partiyanın iddiaları əsassızdır. “Saakaşvilinin islahatçı nailiyyətləri var və aydındır ki, Saakaşvilinin açıq şəkildə ifadə etdiyi Avropa və transatlantik mövqeyi, nəticədə, bu ölkədəki demokratik baharı dağıtmağa çalışan avtoritar Rusiyanın Gürcüstanı işğal etməsi ilə nəticələndi”, - deyə Avroparlamentin bəyanatında deyilir.
ABŞ-ın Gürcüstan səfirliy isə partiyaları qütbləşmədən çəkinməyə çağırır, eyni zamanda seçkilərin texniki cəhətdən qənaətbəxş təşkil olunduğunu, amma səslərin satın alınması və hədə-qorxu gəlmə, təhdid hallarının baş verdiyini də səsləndirdi. Və əlbəttə ki, ikinci turun prosesin yaxşılaşdırılması üçün fürsət olduğunu da vurğuladı. Aydındır ki, ikinci turda saxtakarlıq etmək və səsləri almaq daha rahat alınmayacaq.    
Dediyimiz kimi, seçki prosesi başlamamışdan əvvəl Gürcüstan hakimiyyəti beynəlxalq aləmdə dəstək arayışına çıxdı. İlk səfər Parisə, sonrakı səfər baş nazir İ.Qaribaşvilinin simasında Bakıya edildi. Yoxsa seçkilərə bir gün qalmış tələm-tələsik Bakı səfərinin ardında nəsə başqa fikrin olması məntiqli deyil. İndiki gürcü hakimiyyəti fransız yönümlü olmaqla yanaşı, həm də rusyönmülü olduğu üçün yəqin ki, burada rus faktoru da var. Dəstək istəyi nədən ibarət ola bilərdi? Məntiqlə düşünsək, Gürcüstanda yaşayan soydaşlarımızın öz seçimlərini “Gürcü arzusu”ndan yana etmələri istənmiş ola bilərdi. Buna bəzi borçalıların seçkilər ərəfəsində onlara  “SOCAR” tərəfindən şirnikləndirici təkliflərin edildiyini bildirmələri də dəlalət edir. Artıq Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində seçkiyə “SOCAR” müdaxiləsinin baş verməsini isə gürcu politoloqu Gela Vasadze birbaşa “Youtube” pıatformasından səsləndirdi.
Dəfələrlə bu ölkədə yaşayan soydaşlarımızın gürcü hakimiyyətinin onlara qarşı ayrı-seçkilik siyasətini yürütdükləri, ermənilərdən fərqli olaraq onlara dövlət idarələrində iş verməmələri, azərbaycanlı gənclərin qəsdən narkotik aludəçiliyinə mübtəla edilməsi, azərbaycanlıların hakimiyyət tərəfindən İranın dini-ideoloji təsir arealına itilməsi barədə şikayətləri yayınlanıb. Bu seçki də hakimiyyəti dəyişməyin əsasını qoymağa fürsət rolu oynaya bilərdi. Amma 3-5 quruşa tamah buna mane oldu. Hətta söhbət Saakaşvilidən getmir, ümumiyyətlə seçkidə səslərin 50 lariyə və ya hansısa vədlərə, yaxud ərzaq mallarına satılmasından gedir. Səs mövqe və xoşbəxt gələcək deməkdir. Hər bir vətəndaşın xoşbəxt gələcəyi naminə yaşadığı ölkədə baş verənlərə münasibətinin, mövqeyinin olması mütləqdir. Bu mövqeyin satıla bilməsi isə utanc olmaqla yanaşı, xoşbəxtliyini qəik-quruşa satmaqdır. Bu gün mövqeyini, fikrini sata bilənlər sabah elə satıldıqları tərəfdən başlarına gətirilənlərdən şikayətlənməməlidirlər. Məsələn, nə ali savadlı övladlarının sanballı dövlət işlərində işləməyə imkan verilməməsindən, əksinə səbəb kimi gürcü dilini bilmədiklərinə, gürcü cəmiyyətinə inteqrasiya edə bilməmələri üzündən qarşılarına əlli min əngəl çıxarılmasından, məcburən bazarlarda iş tapmalarından, nə övladlarının narkomaniya bataqlığına çəkilməyindən, nə də dini baxımdan İran mollalarının təsirinə düşməyindən... Söhbət təkcə Saakaşvilidən yox, onlara “ikinci dərəcəli vətəndaş” rəftarını rəva görən, diktə edən hakim partiyaya qarşı vətəndaş mövqeyinin ortaya qoyulmasından gedirdi...
Yeri gəlmişkən, Gela Vasadzenin bildirdiyinə görə, Saakaşvilinin partiyasının sıralarında olan Ramin Bayramov və Saakaşvili ilə şəxsi dostluğu olan Azər Süleymanova da VMH tərəfindən qərəzli münasibət sərgilənib və onların partiyadan qopması üçün “siyasi gözümçıxdı”ya salınıblar. Burada kimin əli ola bilər? Ağla “Gürcü arzusu” hakimiyyətinin soydaşlarımıza qarşı “sıxışdırma” siyasətini tətbiq edən gürcü soyadı altında gizlənmiş “3 manatlıq gürcü”lər adlanan ermənilərdən söhbət gedə bilər. Görünür, “Gürcü arzusu” bu “üç manatlıq” gürcü donundakı ermənilərin əliylə həm soydaşalrımıza qarşı “təkləmək” siyasətini yürüdür, həm də Saakaşvilinin partiyasını içəridən dağıdır. Bu halda azərbaycanlılara bir yol qalır –Gürcüstan Konstitusiyasına zidd çıxmamaq şərtilə, birləşmək, vahid gücə çevrilmək. Ən azından “gözümçıxdıyasalma siyasəti”nin mərhələ-mərhələ dərinləşməməsi və durumun Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası həddinə çatmaması üçün. Ən vacibi isə, siyasi-ictimai-mənəvi mövqenin heç nəyə satıla bilməməsi anlayışı soydaşlarımıza aşılanmalıdır...
Qafqaz.media