Gürcüstanda parlament seçkiləri keçirilir - Prezident və baş nazir səs verdi / YENİLƏNDİ

Baxış sayı:
1268

Gürcüstan prezidenti Salome Zurabişvili şənbə günü parlament seçkilərinin ikinci turunda səs verib.

TASS xəbər verir ki, bununla bağlı kadrlar Gürcüstanın İctimai televiziyasında canlı yayımlanıb.

“Bütün Gürcüstan kimi, mən də bunu çox effektli, işgüzar, çoxpartiyalı parlament olacağına ümid edirəm. Bu, doqquz partiyaya səs verən gürcüstanlı seçicinin qərarıdır. Hesab edirəm ki, hamımız seçiciyə hörmət etməliyik”, - S.Zurabişvili deyib.

O, Gürcüstanın hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasından Beka Odişariyanın namizəd olduğu Tbilisinin Mtatsminda-Krtsanisi rayonununda səs verib. Bundan əvvəl Gürcüstanın baş naziri Giorgi Qaxaria da eyni rayonda səs vermişdi. Tbilisinin meri Kaxa Kaladze də seçimini edib. O, keçmiş səhiyyə naziri David Sergeyenkonun hakim partiyanı təmsil etdiyi paytaxtın Saburtalo rayonunda səs verib.

Gürcüstan baş naziri Giorgi Qaxaria da parlament seçkilərinin ikinci turunda səs verib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Bu gün Gürcüstanda 30 birmandatlı seçki dairəsindən 17-də parlament seçkilərinin ikinci turu keçirilir ki, bunlardan da səkkizi Tbilisidə yerləşir. Birinci tur oktyabrın 31-də baş tutmuşdu. İkinci tur ilk turun nəticələrini tanımayan müxalifətin boykotu fonunda keçirilir./report

**
 

Bu gün Gürcüstanda parlament seçkilərinin növbəti - ikinci turunda səsvermələr keçirilir.

Səsvermə prosesi saat 08:00-da 17 majoritar dairə üzrə başlayıb.

İkinci mərhələ Tbilisi üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub.

Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər.

Bununla yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçrilir.

Seçkiləri izləmək üçün seçki subyektlərinin 9 521 nümayəndəsi, 132 yerli təşkilatın 47 345, 48 beynəxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5 964 nümayəndəsi işıqlandıracaq.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Qeyd edək ki, Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib.