HEYDƏR ƏLİYEV ORDENİ ONA HARAMDIR! – Eldar Sabiroğlu “casus olayı”ndan yazır…

Baxış sayı:
2866

Siyahıda onların çoxunu tanıyıram. Rusiyanın adamları ola bilməzlər. Bir anlığa göz önünə gətirin. Necə başa düşək ki, günçıxandan, günbatana rəhbərlik etdikləri media vasitəsilə Rusiyanı yaş yuyub, quru sərirlər, sonra da boş vaxtlarında rusların xüsusi xidmət orqanları ilə əməkdaşlıq qururlar?! Düşmən Ermənistanla Rusiyanın birlikdə hazırladıqları uydurma yalan və böhtanın üstü açıldı, onlar ifşa olundular. DTX-nın fəaliyyətini bu məsələdə xüsusi dəyərləndirirəm.
Lakin 40 illik təcrübəmə əsaslanaraq informasiya siyasətinin böyük əhəmiyyət daşıdığını bilirəm. Ona da şübhə etmirəm ki, qələmi və təfəkkürü bu istiqamətə yönəltməklə daha ciddi nəticələr əldə etmək mümkündür. Bu silahı özümüzə yox,  hədəfdə dayanıb, bizi vurmaq istəyən erməniyə təlimatlar verənə qarşı tuşlamalıyıq. Biz neyləyirik?! İnandırıcılıq yükünün şübhə doğurmadığı təxribatları hazırlayıb, kənar dövriyyələrə buraxmaq əvəzinə, kimlərinsə maliyyəsi ilə çıxan çoxsaylı media quruluşları içimizdə düşmən axtarıb, ona qarşı hücum planlarını işə salırlar.
Ölkənin hüquq və xüsusi xidmət orqanları dövlətçiliyimizə qənim kəsilən düşmən qüvvələri burada - ölkə daxilində pusquda durub, axtarmamalıdırlar. Təkmil qaydada, yüksək səviyyədə hazırlanmış dezinformasiyaların (DEZO) gücünü öz üzərimizdə sınaqdan keçirməməliyik. Hadisələrə uyğun və məxsusi sinir yoxlayıcı məlumatların yayılmasına məqsədyönlü impulslar verməyi bacarmaq gərəkdir. Sinir kəlməsini nə üçün qeyd etdim? Bu, olduqca zəruri məsələdir. Agentura sistemində DEZO-nun əsəbləri, fərdin ictimai hərəkətlilik normalarını yerindən oynatmaq xüsusiyyəti araşdırma zamanı gözlədiyin nəticə və detalları öyrənməkdə çox ciddi köməyə çatır.
Təfəkkürün itiliyi DEZO-nun ritmik davamlılığında hər hansı qüsur varsa, dərhal onu hiss edir və düzəlişlər apararaq fəaliyyətini sürətləndirir. Yəni bu mürəkkəb işlə təfəkkürü və ağlı yerində olan, çevik qərar qəbul etməyi bacaran, eyni zamanda öyrənməyi ayıb saymayan şəxslərin məşğul olması və şəxsinə nəzarəti diqqətdə saxlaması, özündənrazılıq əlamətlərini yaxına buraxmayan qələm sahiblərinin çalışması daha gərəkli, daha məqsədəuyğundur. Ola bilər, biri çox yüksək bədii əsərlərin müəllifidir, lakin bu, hələ o demək deyil ki, DEZO-da da mükəmməl obrazlar yaratmaq imkanına malikdir!?
Bütün məsuliyyətimlə bildirirəm ki, ölkədə bu məsələ ilə əlaqədar mütəxəssis çatışmazlığı hökm sürür. Təəssüf ki, DEZO əməliyyatlarının 90 faizi ölkənin daxili məsələləri ilə məşğuldur. Maraqların mübarizəsi gedir. Yerdə qalır 10 faiz, o da elə hazırlanır ki, xeyrindən çox ziyanını görürük. Bu prosesdə bəlağətin, poetik düşüncənin, "zəngin" cümlə pərdazlığının təsir və imkanları özünü daha tez zamanda biruzə verir.
Günahkar bizik.Təbiət etibarilə son dərəcə lovğa, qəzəbkeş, kin-küdurət sahibi olmağımız, səmərə verməyən işlərin dalınca yürüməyimiz millət olaraq bizi dala atdığından, bataqlıqdan çıxıb ağıllı fikirlərin dalınca qaçmağa tələsmirik! Əlbəttə, bu cür situasiya özlüyündə əmələ gəlməyib. Öz yaramaz hərəkətləri və gerizəkalılığı ilə fərqlənən, xain xislətli, ölkəni yaman günlərə qoyan Ramiz Mehdiyev və Əli Həsənovun müstəsna xidmətlərini xüsusilə qeyd etməliyik. Heydər Əliyev ordeni ona haram olsun. Cənab prezident, Moskvaya satılmış Ramiz Mehdiyevin bu ordenlə təltif etdiyinizə görə xalqımız və Heydər Əliyevin əziz ruhu Sizi qətiyyən bağışlamayacaq.
 
Eldar SABİROĞLU