“İCRA BAŞÇISININ “YAYLAQ BİZNESİ”NƏ BAXAN MÜAVİNİ…” – “Dedi ki, yaylaq icra başçısı tərəfindən satılıb…” –

Baxış sayı:
1654

Ölkə başçısı və Baş prokurora məktub ünvanlayan Kəlbəcər rayon Kilsə kənd sakini, məcburi köçkün Atayev Zabil Mansur oğlu Daşkəsən rayon İcra Hakimiyyətindən şikayətçidir. Z.Atayev Daşkəsənin icra başçısının müavini Namiq Süleymanovun qanunsuz hərəkətlərilə üzləşdiyini yazır.

Şikayətçi bildirir ki, rayonun icra başçısı Əhəd Abıyevin göstərişini yerinə yetirən N.Süleymanov yaylağa köç edərkən onun qarşısını kəsib: “Daşkəsənin icra başçısının müavini Namiq Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşınalıqla məşğul olur. O, bu hərəkətləri icra başçısı Əhəd Abıyevin göstərişi ilə edir.

27.05.2020-ci il tarixdə yay mövsümünün gəlişi iləəlaqədar olaraq öz köçümü yaylağa apararkən Namiq Süleymanov rayonun giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı. Mən Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən 04.05.2020-ci il tarixdə yaylaq ərazisində torpağın icarəyə verilməsi ilə bağlı müqaviləni ona təqdim etdim. Buna baxmayaraq, Namiq Süleymanov mənə dedi ki, sözügedən yaylaq icra başçısı tərəfindən Qaraşov Nofəl Bahadur oğluna məlum qiymətə satılıb. Bu, yuxarının göstərişidir və bizi buraxa bilməz.”

Z.Atayev yazır ki, başçı müavininin özbaşınalığı nəticəsində həmin vaxt köçdə olan nəvəsi ağır yol qəzasına düşüb: “İcra başçısının müavini bizi saatlarla gözlətdi. Köç avtomobilində 7-si azyaşlı uşaq olmaqla 14 nəfər səhər saat 6:00-dan saat 16:00-ya kimi ac-yalavac qızmar günəşin altında saxladıldı. Hələ bu azmış kimi, həmin vaxt azyaşlı nəvəm Atayev Yusif Nurlan oğlunu avtomobil vuraraq, ona ağır bədən xəsarəti yetirdi. Hazırda baş verən yol qəzası ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi qaldırılaraq istintaq aparılır. Lakin əslində, həmin yol-nəqliyyat hadisəsinin bir başa baiskarı icra başçısının “yaylaq biznesi”nə baxan müavini Namiq Sülüeymanovdur.

Hansı qanunda yazılıb ki, icra başçısı müavininin köç maşınlarını saatlarla saxladıb, insanlara işgəncə vermək hüququ var? Bu, Daşkəsəndə baş verən ilk belə hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya qurşanmış icra başçısı Əhəd Abıyevin “mükəmməl idarəetməsi” sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb.”

Sonda ölkə Prezidentinə və Baş prokurora üz tutan şikayətçi ümumilikdə Daşkəsəndəki idarəçiliyin araşdırılmasına ehtiyac olduğunu bildirir: “Cənab Prezident, digər rayonlarda olduğu kimi, Daşkəsən İcra Hakimiyyətinə də “dur” deməyin vaxtı deyilmi? Mən mətubat vasitəsilə Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovun qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz. Həmin gün baş vermiş yol-nəqliyyat hadisəsinin bir başa günahkarı bizi saatlarla orada saxlatdıran Namiq Süleymanovdur.”

Redaksiyadan: Şikayət məktubunda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.