İKİ MÜQAVİLƏ İLƏ 101 MİN MƏNİMSƏYİBLƏR... - Xırdavat alınması adıyla da böyük yeyintiyə yol verilib

Baxış sayı:
427

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com Vüqar Səfərliyə qarşı irəli sürülmüş ittihamlar üzrə yeni təfərrüatları əldə edib.

İstintaq orqanı araşdırıb ki, Fond tərəfindən keçirilən tədbirlər üçün zəruri ləvazimatların alınması üçün “M-Finance” MMC ilə müqavilə bağlanıb.

2017-ci ilin 19 oktyabrında bu MMC ilə bağlanan müqaviləyə əsasən 50 min 560 manat pul ödənilib.

Həmin pulla dəri çanta, bloknot, kitab təqvimi, asma təqvim, stolüstü təqvim, qələm, çanta və cib təqvimi alınb.

2018-ci ildə isə bu ləvazimatların “Star Logistic” MMC-dən alındığı və 51 min 360 manat vəsait ayrıldığı göstərilir.

Ancaq həmin müqavilələrin saxta olduğu müəyyən edilib. Bu iki saxta müqavilə üzrə 101 min 920 manat mənimsənilib.

Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib.

Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyiblər. Dəymiş zərərdən ən çox məbləğ ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus 550 min manat əmanətin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının da üzərinə həbs qoyulub.

- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza;

- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi;

-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil;

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev;

- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.

Bunlardan başqa, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və yenə də oğlunun adına Xətai rayonunda olan obyektin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.