“İLHAM ƏLİYEV MƏNİ TƏHDİD EDİR…” – Ramiz Mehdiyevin kürəkənindən şikayət edən Ülkər Kərimova təzyiqlərlə üzləşib

Baxış sayı:
568

“Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızının Ramiz Mehdiyevin kürəkəni haqda növbəti şikayət məktubunu olduğu kimi dərc edirik:
“Xəbər verdiyim kimi, “İNTERMEDSERVİS” MMC-nin təsisçisi, sabiq millət vəkili  İlham Əliyevin göstərişi əsasınında yaşadığım mənzilə klinikanın 3 nəfər işçisi tərəfindən basqın edilərək, mənə xəsarət almağımla nəticələnmiş fiziki güc tətbiq edilib. Bu və mənə məxsus 2000 ( iki min) manat pulun, brilliant zinət dəstinin aparılması barədə Azərbaycan Respublikasının Prezidentinə, eləcə də digər instansiyalara müraciət etdikdən sonra İlham Əliyev mənə qarşı təzyiq və təhdidləri daha da artırmışdır. Belə ki, 4 il müddətində rəhbərlik erdiyim klinikada işləyən həkimləri və tıbb işçilərini mənə qarşı qoymaq məqsədilə, onları mənim əleyhimə izahatlar verməyə məcbur edir.
Mənim əleyhimə izahat verməkdən imtina edən işçiləri isə işdən azad etməklə və barələrində saxta ittihamlar qaldıraraq hüquq mühafizə orqanlarına verəcəyi ilə hədələyirlər. Buna misal olaraq klinikada reanimatoloq-anestezioloq vəzifəsində işləyən həkim Nağıyev Ələkbər Gündüz oğlunu göstərə bilərəm. Hansı ki, mənim əleyhimə izahat vermədiyinə görə 15.10.2021-ci il tarixdən heç bir rəsmi əmr olmadan işdən kənarlaşdırılıb, əmək haqqı ödənilmir və klinikanın ərazisinə buraxılmır.
Klinikada müxtəlif vaxtlarda işləmiş həkimlərə hazırkı baş həkim Mahir Babayev (mənim evimə basqın edənlərdən biri) tərəfindən zəng olunaraq, vaxtilə işlədikləri dövrlərdə guya mənə rüşvət vermələri haqda klinikanın təsisçisinə rəsmi məlumat yazaraq təqdim etmələrini tələb edir( Zəng edilərək mənə guya rüşvət vermələri barədə məlumat tələb olunan işçilərin səs yazıları mətbuata və hüquq mühafizə orqanlarına təqdim olunacaqdır).
44 günlük Vətən müharibəsi dövründə mənim tərəfimdən “Yeni Gəncə” Tibb Mərkəzinin təcili tibbi yardım maşınları yaralı əsgərləri daşımaq məqsədiliə Hərbi Komissarlığın sərəncamına verilərkən və yaralı əsgərlərimizin klinikada müalicəsi təşkil olunarkən dəfələrlə ilham Əliyevin özü və qardaşı Fikrət Əliyev tərəfindən təzyiqlərə və təhqirlərə məruz qalmışam. Mənə hər ikisi - İlham və Fikrət Əliyev qardaşları telefonla zəng edərək, təcili tibbi yardım maşınlarını verdiyimə və yaralı əsgərlərin klinikada müalicələrini təşkil etdiyimə görə təhqir edirdilər. Təbii ki, həmin vəsait klınıkanın gəlirindən xərclənmişdir və mən onlara verəcəyim “haqqı” həmin ay ödəyə bilməmişdim.
Sual olunur, bəs, İlham Əliyevin və qardaşı Fikrət Əliyevin övladları Vətən müharibəsi zamanı vətənin müdafiəsi istiqamətində hansı işləri görüblər və yaxud harada gizlənmişdilər?
İlham Əliyevin gösrərişi ilə yaşadığım evə basqın olunması və mənim xəsarət almağımla nəticələnmiş hadisənin baş verməsindən 1 ay 10 gün keçməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və istintaq İdarəsinin müstəntiqi  Rəşad Məmmədzadə heç bir əməli tədbir görmür, təhqiqatın gedişatı barədə mənə məlumat vermir, əksinə 17.10.2021-ci il tarixdə mənı Gəncə şəhər Baş Polis İdarəsinə dəvət edərək sorğu-sual etmədən 6 saat idarədə saxlayaraq, məni şikayətdən imtina etməyə və İlham Əliyevlə ümumi dil tapmaqla məsələnin həllinə nail olmağa çalışmışdır. Mən aldığım xəsarətlə əlaqədar Məhkəmə Tibbi Ekspertizasından keçmək üçün göndəriş tələb etdikdən sonra, mənə göndəriş təqdim olunmuşdur. Göndəriş əsasında mən Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Gəncə şəhər şobəsində ekspertizadan keçirilmişəm və mənə “az ağır” xəsarət yetirilməsinə baxmayaraq, “yüngül xəsarət” dərəcəsi verilmişdir. Mən bununla bağlı Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Gəncə şəhər şobəsinin müdiri Cavanşir Əliyevə müraciət etdikdə, o, mənə müstəntiq Rəşad Məmmədlinin ona zəng edərək “yüngül xəsarət”ə də etiraz etdiyini bildirdi. Sual oluna bilər, müstəntiqin özünün ekspert rəyi vermək səlahiyyəti var idisə, nəyə görə məni tibbi ekspertizaya göndərirdi?! Əks halda ekspert rəyinin nəticəsinə hansı əsasla müdaxilə edirdi?!
Mən hal-hazırda Gəncə şəhər Səhiyyə İdarəsinin 2 saylı Poliklinikasında “postravmatik nevrolgiya” diaqnozu ilə ambulator müalicə alıram.
Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və İstintaq İdarəsinin müstəntiqi Rəşad Məmmədzadənin mənimlə zərərçəkən kimi yox, cinayətkar kimi davrandığını, Məhkəmə Tibbi Ekspertizanın rəyinin nəticəsinə müdaxilə etdiyini nəzərə alaraq, onun apardığı təhqiqatın obyektivliyinə məndə inam qalmamışdır. Göstərilən faktlar barədə Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova 22.11.2021-ci il tarixdə müraciət olunmuşdur.
Sizdən mənim müraciətimi ictimailəşdirərək, “İNTERMEDSERVİS” MMC-nin təsisçisi, sabiq millət vəkili İlham Əliyevin mənə və digər işçilərə göstərdiyi təzyiqlərin Respublikanın Prezidenti İlham Əliyev cənablarına və Hüquq mühafizə orqanlarının rəhbərlərinə çatdırılmasında köməklik göstərmənizi xahiş edirəm”./hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.