İlqar Məmmədova 234 min manat ödənildi

Baxış sayı:
4219

Ali Məhkəmənin qərarı ilə bəraət alan REAL partiyasının sədri İlqar Məmmədova həbsdə qaldığı günlərin müqabilində təyin edilən mənəvi təzminat ödənilib.

Muxalifet.az xəbər verir ki, artıq məhkəmənin qərarı icra edilib və İ.Məmmədovun hesabına dövlət büdcəsindən 234 min manat köçürülüb. Onun həbsdə qaldığı hər gün üçün təxminən 116 manat hesablanıb.

Onunla birgə bəraət alan Rəsul Cəfərova da 57 min 400 manat ödənilib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb. 2020-ci il aprelin 23-də Ali Məhkəmənin qərarı ilə onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib. Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib.

R. Cəfərov isə 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 2020-ci il aprel ayında Ali Məhkəmə tərəfindən R.Cəfərovun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edib. /Qafqazinfo