“İnsanlara həqiqəti demək lazımdır“ - Baş infeksionist

Baxış sayı:
1162

Ölkənin baş infeksionisti Cəlal İsayev koronavirusla bağlı son vəziyyət barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Muxalifet.az müsahibəni təqdim edir:

- Doktor, evdə qalan insanlar bütün günü sosial şəbəkələrdən və digər mənbələrdən xeyli dezinformasiyalar alır. Necə deyərlər, hər ağızdan bir avaz gəlir. Kimə inanaq, kimə güvənək, nəyi izləyək?

- Mən hər zaman demişəm, internet resurslarındakı məlumatları oxuyun, amma onlara tənqidi yanaşın. Onu bir qanun kimi qəbul etməyin. Sosial şəbəkələrdə ixtisas sahibi oldu-olmadı hər kəs nəsə yaza bilər. Amma lazımlı, dəqiq məlumatı müalicə həkimindən, mütəxəssisdən almaq, rəsmi mənbələrin verdiyi məlumatlara inanmaq lazımdır.

İnternetdə çox insan yaza bilər ki, mən bu dərmanı içdim, təsiri yaxşı oldu, digəri pis təsir etdi. Hətta dövlət səviyyəsində yazırlar ki, filan dərmanlar yaxşı təsir göstərir, xəstələrin üçdə birinin yaxşılaşmasına kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı isə bir sıra dərmanların heç bir effekt vermədiyini bildirib.

Buna görə də mütləq həkimə müraciət etmək lazımdır ki, həkim baxıb, qərar versin. Başqalarının dediyinə yox, həkim deyənə əməl edin. Təcili yardım yüklənməsin deyə, poliklinika həkiminə müraciət edin. Poliklinikadan sahə həkimi gəlib baxır, öz təyinatını verir. Lazım gəldikdə müvafiq mütəxəssislərlə danışıb, xəstənin vəziyyətini başa salır. Xəstə evdə müalicə olunacağı təqdirdə müalicə yazılır, əks halda xəstəxanaya göndərilir.

- Bəzi insanlar düşünür ki, yoluxma sayı ölüm hallarını gizlətmək üçün az deyilir. Bu iddialara nə deyə bilərsiz?

- Burada ölüm hallarını gizlətməyə, yaxud yoluxma sayını azaltmağa heç kimin marağı yoxdur. Bu virus bütün dünyanı cənginə alıb. Təkcə bizim ölkəmizdə deyil, ən inkişaf etmiş dövlətlərdə belə yoluxma sayı gündən-günə artır. Bütün dünyada bu proses inkişafdadır, koronavirus artmaqdadır. Hətta bəzi dövlətlər tədbir görərək, payıza hazırlaşırlar.

Buna görə həkimin, dövlətin, ya da başqa qurumların, heç kimin rəqəmləri azaltmaqda marağı ola bilməz. Belə şayiələrə inanmayın.

- Soyuqdəymə zamanı istifadə etdiyimiz standart bəlğəmgətirici dərmanlar bu virusun müalicə prosesində işə yarayırmı?

- Özümüz heç vaxt dərmandan istifadə edə bilmərik. Onu yalnız həkim baxıb, təyinat verir. Daha sonra təyinat əsasında dərmanları qəbul edirik. Həkim təyinatı olmadan heç kim özü-özünə müalicə apara bilməz.

- Digər ölkələrlə müqayisədə ölkəmizdə yoluxma sayının artmasının səbəbi nədir?

- Bizim ölkədə də vəziyyət başqa ölkələrdəki kimidir. Bizdə yoluxma demək olar ki, çox azdır. 10 milyon əhalimiz arasında 20 min yoluxma faktımız var. Ümumrespublika əhalisində ancaq 0,2 yoluxma qeydə alınıb. Çox aşağı rəqəm olmasına baxmayaraq, bu, bizi narahat edir.

Biz istəyirik ki, yoluxma hadisələri 500-dən aşağı ensin, səhiyyənin bu yükü qaldırmağa gücü çatsın.

- Virusun mutasiyaya uğradığı zaman immunitet sisteminin ona müqavimətinin zəifləməsi təhlükəsi varmı?

- Mutasiyaya uğradıqda yeni virus ştammı meydana çıxır. Bu növə qarşı immunitet yenidən uyğunlaşmalıdır. Ona qarşı anti-cisimlərin hazırlanmasına başlanmalıdır. Mutasiyanın meydana çıxması çox sadə proses deyil. Mutasiyanın baş verməsi üçün müəyyən zaman, hətta illər tələb olunur. Koronavirusun mutasiyasından danışmaq hələ tezdir.

Amma istisna olunmur ki, COVID-19 mutasiyaya uğrasın. Çünki korona SARS-1 virusunun mutasiyaya uğramış formasıdır. SARS-1 virusu 2002-də meydana çıxmışdı. Ona görə deyə bilmərik ki, COVID-19-u hansı tale gözləyir.

- Yenidən qismən də olsa həftə sonu qapanmalara keçid etmişik. Lakin bu günlərdə işləyən insanlar var ki, axşam evə qayıtdıqda ailələrini yoluxdurma riski daşıyırlar. Bu istiqamətdə ilk vaxtdan tənqidlər səslənir. Siz bu tənqidlərə nə cavab verə bilərsiniz?

- Hazırda həftə sonu qapanmaya qayıtdığımızı deyə bilmərik, yalnız ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Çünki həftə sonu əksər yerlərdə iş olmur. Buna görə də ictimai nəqliyyata elə də ehtiyac yoxdur. Hansı yerlər işləyirsə, zəhmət çəkib işçilərinə nəqliyyat vasitəsi ayırsınlar.

Çalışmaq lazımdır ki, həftə sonu bütün işçilər evdə qalsın. Müəyyən vacib sahələr var ki, iş prosesi gedəcək, o işçiləri işə çıxmalıdırlar. Yəni insanların kütləvi toplaşdığı yerlərin bir qədər seyrəlməsi təmas ehtimalının aşağı düşməsi, yoluxma hallarının azaldılması deməkdir.

- Bu gün yoluxmaların artmasında əsas səbəb nədir?

- Yoluxmanın artmasının əsas səbəbkarları yüngül keçirən xəstələr və simptomları büruzə verən insanlardır. Onlarda xəstəlik əlamətlərini büruzə verməsinə baxmayaraq, xəstəliklərini gizlədirlər. “Bu gün-sabah keçər” deyərək, həm öz yaxınlarını yoluxdurur, həm də vəziyyətlərinin pisləşməsinə səbəb olurlar.

Belə insanlara tövsiyəmiz odur ki, hər hansı əlamət meydana çıxarsa, mütləq həkimə müraciət etsinlər. İstənilən əlamət özünü büruzə verdikdə, həkimə bildirmək lazımdır. Həkimə müraciət edib, bu və digər xəstəliklərin vaxtında müalicəsinə başlamalıyıq. Əgər vaxtında müraciət etməsək, istənilən xəstəlik sonrakı gedişlərində ağırlaşıb, başqa ağır nəticələrə gətirib çıxara bilər.

- Bu pandemiyaya “hamımız yoluxacağıq” deyərək pessimist reaksiya göstərənlərlə yanaşı, “narahat olmayın, qalib gələcəyik” deyən insanlar da var. Sizcə, insanları təşvişə salmaq məsələyə daha ciddi yanaşmağa vadar etməzmi?

 

- İnsanları panikaya salmaq yox, onlara həqiqəti demək lazımdır. İnsanlar bilməlidirlər ki, bu xəstəlik var, nə dərəcədə təhlükəlidir və ondan qorunma yolları hansılardır. Belə halda insanlar təşvişə düşməz və qorunma yollarına əməl edərlər. İnsanlara doğru məlumat verib, düzgün istiqamətləndirmək yetər. Xəstəliyin yayılma yolları ilə yanaşı, ondan qorunma yollarını da bilirik.

- Sizcə, bu müddət ərzində Azərbaycanın ən böyük yanlış və ən təqdirəlayiq addımı nə oldu?

 

- Yanlış addım olmadı. Virusla mübarizədə görülən tədbirlərin hamısı vəziyyətə uyğun oldu. Epidemiya dövründə lazım olan bütün addımlar atıldı.

- Siz maskaların baha olduğunu demişdiniz. Bu barədə Operativ Qərargaha təklif vermisinizmi? Reaksiya necə oldu?

 

- Reaksiyanı bilmirəm. Mən yenə də təklif edirəm ki, maskanın qiymətləri aşağı salınsın. Hətta mən misal da çəkdim, bir ara Türkiyədə maskanı pulsuz payladılar. Bunun mexanizmini işləyib, tətbiq etmək olar. Maskanı heç olmasa maya dəyərinə sata bilərlər.

Maskanın biri 30 qəpikdir, deyirik elə də baha deyil. Amma aylıq xərcə baxanda xeyli vəsait edir. İnsanların buna gücü çatmır. Supermarketlərin gündəlik dövriyyəsi çox olduğu üçün onlar müştərilərə maskaları pulsuz da verə bilərlər.

İnsanlara tövsiyəm odur ki, marketə uşaq aparmasınlar, ailədən bir adam gedib, evin bütün ehtiyaclarını alıb qayıtsın.

- Ölkənin baş epidemioloqu İbadulla Ağayevin səsyazısı səs-küyə səbəb oldu. Siz necə düşünürsüz, baş epidemioloqun belə bir vəziyyətdə rayonda olması doğrudurmu?

- Baş epidemioloq da bizim kimi adi bir insandır. Onun da yaxınları, qohumları var. Siz onu tanımırsınız, o, gözəl insandır, yaxşı ziyalıdır. Bu günə qədər heç kim onun dilindən, əməlindən inciməyib. Onu o cür təhqir etmək çox yanlış, Azərbaycan cəmiyyətinə yaraşmayan hərəkətdir.

Mən bəzi saytlarda verilən xəbərləri oxudum. Bunu çox qınayıram. O, yaxın qohumu dünyasını dəyişdiyi üçün rayona getmişdi. Bunu belə qabartmaq düzgün deyil. Ola bilər, elə vəziyyətdəymiş ki, müsahibə verməyə imkanında deyilmiş. Sonra zəng edib demək olardı ki, İbadulla müəllim, indi danışa bilirsinizmi? Belə hallar hamımızın başına gəlir.

İbadulla müəllim nə korrupsionerdi, nə də yüksək vəzifə sahibi. O, ictimai əsaslarla baş epidemioloqdur. Nə İbadulla müəllim, nə də mən dövlətdən əlavə məvacib almırıq. Özümüz könüllü surətdə bu işə qoşulmuşuq və hamımızın vətəndaşlıq borcumuz var.

Amma insanı, xüsusilə, ziyalını, alimi belə təhqir etmək heç təhqir edən adamın özünə yaraşmır. Mən buna ad qoya bilmirəm, tamamilə səhv hərəkətdir.