İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir - DAHA “KRASUXA” ONA HEÇ NƏ EDƏ BİLMƏYƏCƏK...

Baxış sayı:
657

İsrailin  “Israel Aerospace Industries” şirkəti Qarabağda gedən 44 günlük müharibənin təcrübəsini nəzərə alaraq “Harop” zərbə pilotsuz aparatının (“dron-kamikadze”) modernizasiyasına başlayıb. Bu nüfuzlu hərbi sənaye müəssisəsi “Harop” zərbə dronlarını Rusiyanın “Krasuxa-4” radioelektron mübarizə sistemini məhv edə biləcək şəkildə modernizə edir.

Rusiya internet KİV-lərinin yazdığına görə, “Krasuxa-4” radioelektron mübarizə sistemi bundan əvvəl İsrailə Suriyada müəyyən problemlər yaradıb, çünki komanda məntəqələri ilə döyüş təyyarələrinin pilotları arasında rabitəni poza bilir. İsrailin hərbi sənayesindəki mənbələrə əsasən “Harop” kamikadze-dronları xüsusi olaraq hədəfə avtomatik yönləndirmə sistemləri ilə təchiz olunub. Bu isə o deməkdir ki, hətta komanda məntəqəsi ilə rabitə kəsilsə belə qurğu əvvəlcədən ona yüklənmiş proqram əsasında öz missiyasını müstəqil olaraq davam etdirə bilər.

Ekspertlərə görə, bu innovasiya kamikadze-dronu nəinki onun siqnallarını pozan radioelektron mübarizə vasitələri üçün təhlükəli edəcək. Eyni zamanda onlar hava hücumundan müdafiə sistemləri üçün də təhlükəli olacaq.  İsrail mütəxəssisləri pilotsuz aparatları radiosiqnalları pozan generatorlarla təchiz edə bilər və nəticədə onlar zenit-raket komplekslərinin radarlarından gizlənə biləcək.

Bildirilir ki, belə texnologiya Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar zamanı tətbiq olunub və Azərbaycan düşmənin zenit-raket komplekslərinə maksimal yaxınlaşa bilib. Əgər İsrail “Harop” dronlarının yenilənməsi prosesini reallaşdıra bilsə onlar Suriyada ciddi üstünlük yaradacaq. Belə aparatların köməyi ilə nəinki Rusiyanın radioelektron mübarizə sistemlərindən yan keçmək mümkün olacaq, eləcə də onların özünü sıradan çıxarmaq imkanı yaranacaq.

Qeyd edək ki, Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə ölkəmizdə istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Hazırda Azərbaycan ordusunun bu döyüş təcrübəsini ABŞ başda olmaqla bir çox ölkələrin orduları öyrənir. Gözlənilir ki, Azərbaycan ordusu bundan sonra da ən yeni texnologiyalara əsaslanan silahlarla silahlanmaqla daha da modernləşəcək./Virtualaz.org