KREDİT GÖTÜRÜB, 16 BAŞ QOYUN ALDI, OĞURLANDI... - Məcburi köçkündən Vilayət Eyvazova MÜRACİƏT / VİDEO

Baxış sayı:
1289

Laçın rayonu, Ərikli kənd sakini, Göyçay rayonu Qaraməryəm kəndində məskunlaşan məcburi köçkün Miriyev Maarif Nəcəf oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"Hörmətli Nazir! 

Mən bankdan kredit götürüb, qoyun almışdım ki, saxlayıb, külfətimi dolandırım. 11 noyabr 2020-ci il tarixdə, gecə saatlarında 16 baş ana qoyunumu oğurladılar. Həmin vaxt həyətimdə olan iti zəhərləyib öldürüb, oğurluq hadisəsini həyata keçiriblər.
Mən bu barədə dərhal 102 xidmətinə zəng edib, məlumat vermişəm. Bundan sonra məni dəfələrlə Göyçay Rayon Polis Şöbəsinə çağırıb izahat alıblar. Hər dəfə "oğrular tapılacaq" deyə-deyə, indiyə qədər oğurluq cinayətinin üstü açılmayıb.
İndi borc içindəyəm. Qoyunları bankdan kredit götürüb almışdım. Həyat yoldaşım ciddi xəstəlikdən əziyyət çəkir. Bir dəfə tutub həyətimə bir nəfəri gətirdilər ki, bəs qoyunlarını bu oğurlayıb. Ancaq məhkəmədə subut olundu ki, mənə məxsus 16 baş qoyunu həmin adam oğurlamayıb.
Cənab Nazir!
11 noyabr 2020-ci il tarixdə həyətimdə baş vermiş oğurluq cinayətinin istintaqı hələ də Göyçay RPŞ-də aparılır. Ancaq heç bir cinayət axtarış tədbirləri aparılmır.
Sizdən xahiş edirəm ki, bizim həyətimizdə oğurluq edib, ziyan vurmuş şəxslərin tapılması üçün Göyçay Rayon Polis Şöbəsinə tapşırıq verəsiniz".


Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə çalışacağıq.