Latviya ilə Belarus arasında qalmaqal: Bayraq dəyişdirildi, diplomatlar ölkədən qovuldu - FOTO

Baxış sayı:
2479

Belarus və Latviya arasında diplomatik qalmaqal yaşanıb. 

TASS xəbər verir ki, bu gün Riqadakı “Radisson Blu Hotel Latvija” hotelinin qarşısındakı Belarus dövlət bayrağı Latviya XİN rəhbəri Edqars Rinkeviçs və şəhər meri Martinş Stakis tərəfindən dəyişdirilib. Xokkey üzrə Dünya Çempionatı iştirakçısı olan milli komandaların yerləşdikləri hotelin qarşısında Belarus müxalifətinin Latviya rəsmilərinə təqdim etdikləri “Azad Belarus bayrağı” qaldırılıb. İnsidentdən sonra Baltikyanı ölkənin Belarusdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Riqada Belarus dövlət bayrağının təhqir olunması ilə əlaqədar ona etiraz notası təqdim edilib. Həmçinin, başda səfir özü olmaqla, bütün səfirlik əməkdaşlarının Belarus ərazisini tərk etmələri təklif olunub.

Qeyd edək ki, artıq Latviya XİN də belarusiyalı həmkarlarına cavab olaraq analoji addım atıb və Riqadakı Belarus səfiri, eləcə də diplomatik nümayəndəliyin bütün əməkdaşlarının ölkədən çıxmalarını təklif edib.