​Əli Həsənovun vəzifəsindən sui-istifadə etməsinə hüquqi qiymət veriləcək - BAKI ŞƏHƏR PROKURORLUĞU QARABAĞ ƏLİLİNİN ŞİKAYƏTİNİ ARAŞDIRIR

Baxış sayı:
4276

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qarabağ əlilinin istifadəsinə götürmək istədiyi “40 pilləkən kompleksi”ni ələ keçirib “40 pillə” kafesinə çevirməsinə hüquqi qiymət veriləcək. Bu barədə Bakı şəhər prokurorluğundan zəng edib bildiriblər.
Xatırladaq ki, metronun “İçərişəhər” stansiyasının yanından  Nərimanov heykəlinə qalxan “40 pilləkən kompleksi”nin başındakı zibilxananı 10 ilə yaxın müddətdə Qarabağ əlilləri sahibkarlıq amacı ilə bağlı istəsələr də, hətta məhkəmə qaydasında hüquqlarının təminatına nail ola bilməyiblər. Səbail Rayon İcra Hakimiyyəti məhkəməyə saxta “kupça” təqdim edib ki, guya həmin zibilxana “Alyans-f” MMC-nin mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi bunu yalanlasa da, kafenin dövlət müəssisəsi  (?) olduğunu bildirib özəlləşdiriləcəyini  (?) vurğulayıb. Səbail RİH-in hüquq şöbəsinin müdiri Hafiz Aberkarovun məhkəməyə saxta sənəd təqdim etməsinə hələ də hüquqi qiymət verilməyib. Belə ki, “Alyans”ın adına olan “kupça”nın saxtalığını ƏMDK-nın e-gov portalı “qeydiyyat nömrəsinin düzgün olmadığı” qeydi ilə təsdiq edib və. .. 2015 -cı ildə Əli Həsənovun Milli Televiziya və Radio  Şurasına üzv təyin etdirdiyi dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına qanunsuz qeydiyyatla sənədləşdirilib. Hazırda vergi uçotuna dayanılmadan “40 pillə” kafesi kimi fəaliyyət göstərir.
Qarabağ əlili qanunsuzluğa hüquqi qiymət verilməsinin təmin edilməsi üçün ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına müraciət etsə də, Əli Həsənovun təzyiqi nəticəsində fakta hüquqi qiymət verilməsindən imtina edilib. Belə ki, Səbail prokurorluğu saxta “kupça”nı ekspertizaya göndərəcəyini bildirib, lakin bir müddət sonra heç bir qərar qəbul etmədən araşdırmanı dayandırıb. “Əsas” kimi həmin qeyri-yaşayış sahəsinə Prezident köməkçisi Əli Həsənovun yiyələndiyi vurğulanıb.
 Onu da vurğulayaq ki , Səbail RİH bir neçə ay öncə sözügedən qanunsuz əmlak özəlləşdirməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görüb. İndi isə Bakı şəhər prokurorluğunun 4982133 nömrəsindən zəng edən əməkdaşı məmurun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə hüquqi qiymət veriləcəyini və obyektiv qərar qəbul ediləcəyini bildirib.
Deyəsən,  haqq gec-tez yerini tapır, axı!
Məğrur BƏDƏLSOY