"ƏLİMDƏ OLAN FAKTLARI ORTAYA QOYSAM..." - Ramiz Mehdiyev yenidən hədə-qorxu gəldi / Yeniləndi

Baxış sayı:
712

AMEA-nın Mətbuat və informasiya xidməti Amea prezidenti, akademik Ramiz Mehdiyevin bu gün "Təzadlar" qəzetinə açıqlama verməsilə bağlı bəyanat yayıb. 

AMEA-nın rəsmi saytında yayımlanan açıqlamanı təqdim edirik:

"10 sentyabr 2020-ci il tarixində “Təzadlar” qəzetində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılmışdır. Xatırlatmaq istəyirik ki, 9 sentyabr 2020-ci il tarixində bu qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəmişdir. Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirmişdir. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulamışdır. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırmışdır.

Bir daha bəyan edirik ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir. AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir.

***

"Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur". 

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev "Təzadlar" qəzetinə açıqlamasında bildirib.

O, barəsəində səsləndirilən tənqidlərə, ittihamlara cavab vermək əvəzinə, onunla bağlı tənqidi fikirlər səsləndirənləri yenidən hədələyib.

AMEA prezidenti tənqidçilərinə hədə-qorxu gələrək deyib: "Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".

R. Mehdiyev vurğulayıb ki, həmişə bütün fəaliyyətində dövlətə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalıb, bunu əməli fəaliyyəti bir daha təsdiqləyir: "Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam, bu gün də onun siyasi kursunu dəstəkləyirəm, dövlətçilik yolunda canımı verməyə hazıram. Amma məni dövlət əleyhinə fəaliyyətdə suçlayanlar bunu gərək sözlə yox, faktla, sübut etsinlər. Kimliyindən asılı olmayaraq maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olmuşdur. Həmçinin İlham Əliyev xatırlatdı ki, Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılarkən bir çoxları ona xəyanət etdiyi halda, məhz Ramiz Mehdiyev ulu öndərə sonadək sadiq qalmış azsaylı şəxslərdən biri kimi hörmətə layiqdir. Şəxsən mənim üçün ölkə başçısının verdiyi bu qiymətdən daha yüksəkdə dayanan heç bir rəy və fikir ola bilməz... »