“MEYİTİNİ PİLLƏKƏNLƏRƏ ATIB, BAŞI KƏSİLİB SİNƏSİNƏ QOYULUB...” - Kim Çen In dayısını necə öldürdüyünü Trampa danışıb

Baxış sayı:
758

ABŞ-da prezident Donald Tramp haqda daha bir kitab çapdan çıxıb. Bu dəfə Ağ evdə akreditə olunmuş jurnalist Bob Vudvordun “Qəzəb” adlı kitabında Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşləri və münasibətləri barədə özəl məlumatlar paylaşılır. Bu məlumatları müəllifə vaxtilə Tramp özü çatdırıb.

Bob Vudvord Trampın ona Kim Çen Inla necə yaxşı anlaşdığını danışdığını yazır. “Mən onun çox xoşuna gəlmişəm. O da mənim xoşuma gəlir. Biz biz yola getmirik. Bu o demək deyil ki, mən sadəlövhəm. Bu o demək deyil ki, mən bizim aramızda hər şeyin gözəl və hamar olacağını düşünürəm. O, səhvə yol verən oğlan deyil. Və o, ağıllıdır, çox ağıllıdır”,-Tramp Vudvordun kitabı üçün ona verdiyi 18 müsahibədən birində deyir.

Habelə Tramp bildirir ki, Şimali Koreya lideri görüşlərdə ona “hər şeyi danışır”. ABŞ prezidentinin dediklərindən sitat: “Mən onun haqqında hər şeyi bilirəm. O, öz dayısını öldürüb və meyitini birbaşa parlamentarilərin keçdiyi pilləkənlərin üstünə qoyub. Başı kəsilib və sinəsinin üstünə atılıb. Sizcə bu qəddarlıqdır? Bilirsiniz, hamı düşünür ki, bizim siyasətdə hər şey qəddardır”.

Kim Çen Inın dayısı, Şimali Koreyada yüksək vəzifə tutan Çan Son Txekin xüsusi qəddarlıqla öldürüldüyü haqda xəbərlər 2013-cü ildə yayılmışdı. O vaxt bildirilirdi ki, Kim Çen In dayısını vəhşi köpəklərə atıb və diri-diri parçaladıb. Daha sonra isə onun dayısını pulemyotla güllələdiyi bildirilirdi.

Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri bir neçə dəfə görüşüblər. Bu danışıqlarda məqsəd Pxenyanın nüvə silahından tərksilah edilməsi idi. Lakin danışıqlar uğursuz nəticələnib.

Habelə görüşlərdən başqa Tramp və Kim Çen In bir-birlərinə 27 məktub yazıblar. Bu məktubların ancaq 2-i barədə məlumat açılqlanmışdı. Bob Vudvord yazır ki, məktubların hamısının məzmunu ilə tanışdır. Və məktublarda tərəflər bir-birlərinə şəxsi sədaqət, sevgi ifadə edirlər. Bu, az qala bir-birlərini sevən iki gəncin yazdıqları məktublara oxşayır.

Vudvord bildirir ki, yazışmaları oxuyandan sonra Tramp ona zəng vurub və kitabında Kim Çen Inı ələ salmamağı tələb edib. CNN telekanalı məktublardan ikisinin tam mətnini dərc edib. Onlardan biri 2018-ci il dekabrın 25-də, digəri 2019-cu il iyunun 10-da yazılıb. Kim Çen In Trampı “Əlahəzrət” adlandırır. “Sinqapurdakı tarixi Şimali Koreya-ABŞ sammitindən 200 gün keçdi. Lakin mən indi də həmin tarixi məqamı, Siz Əlahəzrətin əlini həmin gözəl, müqəddəs məkanda bərk sıxmağımı unuda bilmirəm. Ümid edirəm ki, mən həmin günü bir daha yaşaya biləcəyəm”,-Kim Çen In yazır.../virtualaz.org