“Mübariz Mənsimovun Fətullah Gülənin yanına azı 10 dəfə getdiyini mən bilirəm..." - MEHMET AĞARDAN AÇIQLAMA

Baxış sayı:
1238

Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar azərbaycanlı iş adamı və “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun FETÖ lideri Fətullah Gülənlə yaxın olduğunu deyib.

Son günlər adı mafiya lideri, Türkiyəni tərk edəndən sonra “dərin dövlət” barədə bir sıra iddialar səsləndirən Sedat Peker mövzusu ilə bağlı gündəmə gələn Mehmet Ağar bu haqda “Sözçü” qəzetinə danışıb. Sedat Peker iddia edirdi ki, Mehmet Ağar Mübariz Mənsimovu FETÖ ilə əlaqələndirmək üçün ona tələ qurub, “Palmali” şirkətinin sahibini  Pensilvaniyaya getməyə inandırıb və daha sonra həbsə atdıraraq biznesini ələ keçirib.

Mübariz Mənsimov Pensilvaniyaya Mehmet Ağarın tövsiyəsi ilə getdiyini məhkəmədə ifadəsində də demişdi. Bildirmişdi ki, cəmi bir dəfə Fətullah Gülənin yanında olub, onda da aldadıldığını başa düşüb və daha bu adamla heç bir əlaqə saxlamayıb.

Lakin Mehmet Ağar deyir ki, Mübariz Mənsimov Fətullah Gülənin yanına bir dəfə yox, dəfələrlə gedib. “Davamlı gedib-gəlirdi. Ən azı 10 dəfə getdiyini mən bilirəm. Mənim təyyarəm yoxdur, Fətullah Gülənlə bağlantım da yoxdur. Onun Fətullah Gülənlə yaxınlığı bilinirdi”,-keçmiş daxili işlər naziri bildirib.

M.Mənsimov FETÖ ilə əlaqələrdə ittiham olunaraq ötən il həbs edilmişdi. Bir neçə ay əvvəl məhkəmə onun işinə baxıb və barəsində şərti cəza verilməklə ev dustaqlığına buraxılıb./Virtualaz.org