“MÜHARİBƏDƏ OLANDA İCRA HAKİMİYYƏTİNƏ ZƏNG VURDUM Kİ, ANAMA 2 ƏDƏD ÇÖRƏK ALIN, XAHİŞİMİ YERƏ SALDILAR” – Anası ilə 4 kvadratlıq köşkdə yaşayan Qarabağ qazisindən ürəksızladan açıqlamalar

Baxış sayı:
1608

Göyçay rayonu, Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Hörmətli Mehriban xanım!

Bildirirəm ki, anamla birlikd çöllərdə qalmışıq. Bizim yaşayışımızı görən dəhşətə gələr.
Mən Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində Suqovşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlının müdafiəsində olmuşam. Buna görə medallarla təltif edilmişəm.
Atam vəfat edib, evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə, köhnə uçuq-sökük ticarət köşkündə yaşayırıq. Dörd kv.m ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı damır. Gördüyünüz bu yer heyvan saxlamağa yaramır, ancaq biz burada yaşamağa məcbur olmuşuq.
10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb, köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq.
Daş bazarında fəhləlik edirəm, lakin elə olur ki günlərlə işim olmur. Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm. Ancaq heç bir köməklik göstərilməyib. Hətta mən Vətən müharibəsində olan zaman Göyçay rayon İcra  Hakimiyyətinə zəng edib tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm. Ancaq xahişimi nəzərə almadılar, bir dəfədə olsun maraqlanmadılar.
35 yaşım var, evsizliyə, imkansızlığa görə hələ ailə həyatı qurmamışam. Yaşadığımız daxmanın qazı və suyu yoxdur. Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkə də Azərbaycan Respublikasında bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur.
Sağlamam və əmək qabiliyyətinə malik olsam da hələ də işlə təmin olunmamışam. Baxmayaraq ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün Göyçayda daş bazarında fəhləlik edirəm. Bu iş isə daimi deyil, bir gün olur, 5 gün olmur.
Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bunlar mümkünsüz olub.
Sizdən xahiş edirəm, mümkün olarsa, bizim yaşadığımız evin videosuna baxasınız və bizim ailəyə imkan daxilində köməklik göstərəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.