MÜXALİF PARTİYADAN CƏNUBLU SOYDAŞLARIMIZA ÇAĞIRIŞ – “İranın ermənipərəst mövqeyinə təpki göstərin”

Baxış sayı:
6871

Bu gün ADP İdarə Heyəti ölkənin ictimai-siyasi gündəminə dair növbəti toplantısını keçirib.
Partiyanın Mətbuat Xidmətindən verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə 12-20 sentyabr tarixlərində Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə hərbi təlimlərinin keçirməsi məsələsini müzakirə edib. Müzakirələrdə bu təlimlərin hər üç ölkənin milli və strateji maraqları, bölgədə, eləcə də beynəlxalq aləmdə hərbi, siyasi çəkisinin artmasına xidmət etdiyi vurğulanıb, bu cür qarşılıqlı əlaqələrin digər güc nazirlikləri üzrə də təşkil edilməsini məqsədə uyğun hesab edib.
İdarə Heyəti son vaxtlar qonşu İran dövlətinin Azərbaycan ərazisindən Ermənistana təyinatı bəlli olmayan yüklərin ardıcıl olaraq daşınmasından, eyni zamanda Qarabağ ərazisində yerləşən separatçı rejimə yardımlar etməsindən ciddi narahatçılığını bildirib, bu cür addımların, müsəlman həmrəyliyinə, əsrlərlə formalaşan qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib və suveren hüquqlarımıza zidd hərəkətlərinə görə hakimiyyəti adı çəkilən dövlətlə ikili münasibətlərə yenidən baxmağa çağırıb. Eyni zamanda, cənublu soydaşlarımızı da onlara qarşı İran dövləti tərəfindən yeridilən etnik ayrı-seçkiliyə və İranın ermənipərəst mövqeyinə qarşı təpki göstərməyə çağırıb.
İdarə Heyəti son vaxtlar rus sülhməramlılarının üzərinə düşən missiyadan kənara çıxmasından, hərbi komandanlığın bu qüvvələrin üçtərəfli sazişdə nəzərdə tutulduğundan daha artıq müddətə ərazilərimizdə qalacağı ilə bağlı avantürüst bəyanatlarını tənqid edərək hakimiyyəti hadisələrin bu cür davam edəcəyi halda üçtərəfli sazişdən birtərəfli qaydada imtina etməyə çağırıb.
İdarə Heyəti Azərbaycan Türkiyə, Pakistan əlaqələrinin genişləndiyi, hərbi siyasi əlaqələrin gücləndiyi bir vaxtda dövlət strukturlarına yerləşdirilmiş “5-ci kolonun” nümayəndələrinin aktivləşməsi, Rusiyanın havadarları kimi bəyanatlar səsləndirməsini nəzərə alaraq bu qüvvələrin dövlət strukturlarından təmizlənməsini Qarabağın işğaldan azad edilməsi qədər əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb və dövlət başçısını bu istiqamətdə lazımı addımlar atmağa səsləyib.