​“NƏ QƏDƏR Kİ, XOCALI SOYQIRIMINA HÜQUQİ VƏ SİYASİ QİYMƏT VERİLMƏYİB…” – ADP Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etdi

Baxış sayı:
652

Azərbaycan Demokrat Partiyası (ADP) Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
20-ci əsrin bəşəriyyətə qarşı törədilən ən qanlı cinayətlərindən biri olan - Xocalı soyqırımından 29 il ötür. 26 fevral 1992-ci il tarixində işğalçı erməni silahlı qüvvələri və Rusiya ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində dinc əhalinin xüsusi amansızlıqla kütləvi qırğını törədilmişdir. Baş vermiş qətliam onu törədənlərin əsl mənəvi, əxlaqi, mədəni simasını, bəşəri dəyərlərdən və çağdaş sivil dünyadan nə qədər uzaqda olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldu.
ADP Xocalı soyqırımından 29 il ötməsinə baxmayaraq bu qətliama hələ də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən əsl siyasi və hüquqi qiymət verilmədiyindən, bu bəşəri cinayəti törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir.
ADP belə hesab edir ki, insan hüquq və azadlıqlarını özünün ali dəyəri və təməl prinsipləri kimi qəbul edən dünya dövlətlərinin bu günə kimi Xocalı qətliamına susqunluq nümayiş etdirməsi başa düşülən deyil və nə qədər ki, Azərbaycan xalqına qarşı törədilən bu soyqırım aktı həqiqi hüquqi-siyasi qiymətini almayıb heç bir xalq və toplum anoloji cinayətdən sığortalana bilməz.
ADP xalqımızı tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmamağa, gələcək nəsillərimizin bu tipli faciələrlə üzləşməməsi üçün 26 fevral tarixini xalqımızın gen yaddaşına daşımağa, bu soyqırımı dünya xalqlarına çatdırılmasında bütün imkanları birləşdirməyə, eyni zamanda Azərbaycan dövlətini Xocalı qətliamının dünyada əsl qiymətini alması və bu qətliamı törədənlərin cəzalandırılması istiqamətində ardıcıl olaraq səylərini davam etdirməyə çağırıb.
ADP Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında baş əydiyini, onların yaxınlarına və əzizlərinə Allahdan səbr dilədiyini bildirir.
 
Muxalifet.az