“Naxçıvana dəhliz açılsa, İrana və Ermənistana qarşı embarqolar qaldırılsa...” - LİMAN MÜDİRİ MÜZƏFFƏR ERMİŞİN ÜMİDLƏRİ

Baxış sayı:
297

Türkiyənin Trabzon limanını idarə edən “Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.

Müzəffər Ermiş bu haqda “Deniz Haber” portalına danışıb. Deyib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinindən sonra yeni administrasiyanın İrana qarşı sanksiyaları yumşaldacağına ümid edirlər. “Trabzon Limanının tranzit ticarətinə önəmli rolu var. Lakin İrana qarşı tətbiq edilmiş Abş sanksiyaları nəticəsində tranzitin üzərindəki ən önəmli ölkə olan İranın idxal əməliyyatları kəskin azalıb. İnşallah, ABŞ İrana qarşı sanksiyaları yumşaltsa Trabzon limanından daha çox yük ötürə biləcəyik”,-o deyir.

Müzəffər Ermiş Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsinin də tranzit yükdaşımaları üçün yeni vəziyyət yaratdığını bildirib.

“Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması və bu arada keçmişdə bizim üçün də çox önəmli dəhliz olan Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına dair razılaşmanın əldə olunması bölgəmizə müsbət təsir edəcək. Bölgədə sülhün təmin edilməsi ilə Ermənistana qarşı tətbiq edilmiş embarqonun da qaldırılması gündəmə gələcək. Bu məsələdə hörmətli Əliyev müsbət yanaşma içərisindədir. Ermənistana qarşı embarqoların aradan qaldırılması və Naxçıvan dəhlizinin açılması halında mən ümid edirəm ki, Trabzon Limanı Ermənistan və Azərbaycanın Avropaya açılacağı ən önəmli tranzit qapısı olacaq”,-Ermiş bildirib./Virtualaz.org