"Neftçi" "Qarabağ"ı məğlub etdi - YENİLƏNİB

Baxış sayı:
9901

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 10-cu dəqiqədə açılıb. Ağdam klubunun heyətində Kvabena Ovusu fərqlənib. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. Emil Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Günün ilk oyununda "Zirə" öz meydanında "Sabah"a uduzub - 0:2.

Qeyd edək ki, tura dünən start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" isə doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib./report

***21:43

Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Qarabağ" - "Neftçi" oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 68-ci dəqiqədə qonaqların yarımüdafiəçisi Namiq Ələsgərov hesabı komandasının xeyrinə dəyişib - 2:1.

***

Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Qarabağ" - "Neftçi" oyununda 2-ci qol vurulub.

12-ci dəqiqədə qonaqların müdafiəçisi Voislav Stankoviç fərqlənib.
Hazırda hesab 1:1-dir.

***20:24

Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Qarabağ" - "Neftçi" oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 10-cu dəqiqədə Ağdam klubunun futbolçusu Ovusu Kvabena görüşdə ilk qolun müəllifi olub.

***20:16

Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ" - "Neftçi" oyunu start götürüb.

"Report"un məlumatına görə, saat 20:15-də başlayan qarşılaşma "Azərsun Arena"da keçirilir.

Qeyd edək ki, tura bu görüşlə yekun vurulacaq.