NÖVBƏTİ TENDER FIRILDAĞI? - BŞİH təmir edilən yaşayış evləri barədə məlumatı gizlədir

Baxış sayı:
4696

Bakı şəhər İcra dövlət mənzil fonduna aid binaların təmirinə 13 milyon 470,9 min manat yönəldəcək. Lakin bu il də şəhər hakimiyyəti hansı binaların təmir ediləcəyi ilə bağlı məlumatı gizlədir.

Açıq tenderin nəticəsinə əsasən, müqavilə iyunun 8-də “Star Konstrakşın-12” QSC-ə verilib.

Apreldə “TFM-Smart Project” MMC ilə dövlət mənzil fondunun binalarının təmirinin layihə-smeta sənədlərinin hazırlanmasına dair müqavilə imzalanıb. Layihələndirmə şirkəti bu işə görə 290 min manat alacaq. Tender elanlarında və bu satınalma prosedurları ilə bağlı müqavilələrin imzalanması barədə məlumatlarda təmir edilməli olan binaların dislokasiyası barədə məlumat yoxdur.

Tender elanının məzmununu tənzimləyən Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” qanunun 26 maddəsinə əsasən, elanda göndərilən malların adı, miqdarı (həcmi), çatdırılma yeri, görüləcək işin xarakteri və yeri, göstərilən xidmətin təsviri əks olunmalıdır.

İnzibati Xətalar Məcəlləsinə (145-1.4.1 maddəsi) uyğun olaraq, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər inzibati cəriməyə cəlb edilir.

Tender elanında dərc ediləcək məlumatların gizlədilməsi Azərbaycanda geniş yayılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hesabatlarında bu istiqamətdə görülən tədbirlər, həm xəbərdarlıq, həm də aşkarlanması ilə bağlı məlumat yoxdur. İqtisadiyyat Nazirliyində Turan İnformasiya Agentliyinin bununla bağlı sualını cavabsız qoyublar.

Paradoksal haldır ki, dövlət satınalmalarının vahid elektron portalına əsasən, paytaxtın mənzil fondunun həm layihələndirmə, həm də təmir işləri eyni gündə - dekabrın 31-də başa çatmalıdır.

2020-ci ildə dövlət mənzil fondunun binalarının təmiri üzrə müqavilə “İnpeks.N” MMC-ə verilib. Müqavilənin dəyəri 19 milyon 986 min manatdır. /Turan