“ONLAR BİZİM DÜŞMƏNLƏRİMİZDİR, AMMA...” - Paşinyan atəşkəs qərarını necə verdiyini də açıqladı

Baxış sayı:
896

"Azərbaycan Dağlıq Qarabağın statusunu hər hansı formada müzakirə etməkdən qəti imtina etdi..."

Ermənistan parlamentindəki son çıxışı zamanı Baş nazir Nikol Paşinyana verilən suallar arasında türkləri ermənilərə düşmən hesab edib-etmədiyi barədə sual da olub. Maraqlıdır ki, həmin sualı parlamentin Paşinyanın partiyasından olan vitse-spikeri Alen Simonyan verib.

Ermənistanın Baş naziri bu məsələnin necə müzakirə mövzusu olduğunu anlamadığını deyib və bildirib ki, Ermənistanın tarixi və son müharibə bu suala birmənalı cavab verir: “Bəli, türklər, azərbaycanlılar bizim düşmənlərimizdir və onlar da bizi düşmən hesab edirlər. Amma məsələ başqadır – bu düşmənçiliklə nə edəcəyik, onu nə vaxta qədər inkişaf etdirəcəyik?”

Paşinyan həmçinin qeyd edib ki, əsas sual türklərin və ermənilərin öz qarşılarına bir-birini sonadək qırmaq hədəfini qoyub-qoymamasıdır: “Fikrimcə, biz belə bir məqsəd formalaşdırmamalıyıq, ancaq onlar da bunu etməməlidirlər.”

İkinci Qarabağ müharibəsinə toxunan Paşinyan deyib ki, atəşkəs qərarını Qarabağın “prezidenti” və Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı ilə məsləhətləşərək qəbul edib.

“Mən belə qənaətə gəldim ki, biz müəyyən, kifayət qədər ciddi güzəştlər vasitəsilə atəşkəsə nail olmalıyıq və bununla əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırdım”, deyə Paşinyan qeyd edib.

Bundan sonra o, Rusiya prezidenti Vladimir Putinə zəng edib və Ermənistan tərəfin Azərbaycana ərazi güzəştləri etməyə, “5+2” formatı çərçivəsində əraziləri “qaytrmağa” hazır olduğunu bildirib. Onun sözlərinə görə, Yerevan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə əlaqələndirmək istəyirdi. Amma Bakı ərazilərin “5+2” formatında deyil, tam həcmdə və dərhal qaytarılmasını tələb edib. Bundan başqa, Azərbaycan Dağlıq Qarabağın statusunu hər hansı formada müzakirə etməkdən qəti imtina edib.

O, həmçinin qeyd edib ki, Ermənistan bütün regional kommunikasiyaların açılmasının tərəfdarıdır, bu, Ermənistanın Rusiya və İranla ticari-iqtisadi əlaqələri üçün həyati əhəmiyyət kəsb edir.