Osmanlı dövründən bu yana ən iri hərbi ekspansiya - "THE WASHINGTON POST" TÜRKİYƏNİN XARİCİ TƏSİRLƏRİNİN ARTMASINDAN YAZIR

Baxış sayı:
1615

Türkiyə ordusu Osmanlı imperiyasının çöküşündən bu yana ilk dəfə regional təsir zonasını genişləndirib.

Bu barədə “The Washington Post” qəzetinin məqaləsində deyilir.

Qəzet yazır ki, türk əsgəri Qətər, İraq, Suriya, Somali və Balkanlarda öz varlığını göstərir. “Türkiyə Liviyada müharibənin gedişatını dəyişdirmək üçün hərbi qüvvə göndərdi. Eyni zamanda Ağ dənizdə və Egey dənizində nüfuz dairəsini genişləndirərək patrul həyata keçirir”,-məqalədə bildirilir.

Məqalədə deyilir ki, Türkiyə Silahlı Qüvvələrinin son zamanlar öz təsir zonasını genişləndirməsi bir çox ölkələr tərəfindən həzm edilmir, Ankaranın atdığı bu kritik addımlar yaxından izlənilir. Qəzet Türkiyə Silahlı Qüvvələrinin Osmanlı imperiyasının çöküşündən bu yana ilk dəfə nüfuz dairəsini bu dərəcədə genişləndirdiyini vurğulayır.

Əlavə edir ki, Türkiyə Birinci Dünya müharibəsindən bu yana ən irimiqyaslı xarici əməliyyatı Suriyada həyata keçirib. Türkiyənin Ermənistanla münaqişədə olan Azərbaycan üzərindəki hərbi nüfuzunu da artırdığını yazan qəzet bildirir: “Türkiyənin bu ölkədə bir hərbi hava bazasına çıxışı var”.

Xatırladaq ki, bu günlərdə Türkiyə və Azərbaycan silahlı qüvvələrinin  birgə irimiqyaslı təlimləri keçirilib. Türkiyə hərbi-siyasi rəhbərliyi Tovuz istiqamətində Ermənistan ordusunun həyata keçirdiyi təcavüzün ardınca Yerevana dəfələrlə sərt xəbərdarlıq edib, qardaş ölkənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu Ermənistanın və onu qızışdıranların nəzərinə çatdırıb.

Virtualaz.org