“PAYIZDA SƏRT KARANTİNƏ QAYITMALI OLACAĞIQ... ” - "Qərar ümumi gedişat analiz edildikdən sonra veriləcək”

Baxış sayı:
2069

Professor Adil Qeybulla isə virusun zəiflədiyini, qışda bitəcəyini güman edir

Azərbaycanda koronavirus pandemiyasının altıncı ayından sonra Operativ Qərargah yumşalmalara başlayıb. “Yeni Müsavat” xatırladır ki, martdan bağlanan rayonlara gediş-gəliş artıq bərpa olunub, kafe-restoranların içində xidmətə icazə verilib, əksər müəssisələr, sahələr işini davam etdirirlər. Bu yumşalmaların iki həftə sonra yoluxmada hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətindir, lakin indiki statistika ürəkaçandır.

Təkcə sentyabrın 7-də olan göstəricilərə nəzər yetirəndə cəmi 89 nəfərin yoluxduğunu görürük və sağalanlar 132 nəfər təşkil edib. Bu tendensiyanı müsbətə doğru qoruyub saxlaya bilsək, bir ay sonra yoluxma tamamilə sıfıra düşə bilər. Halbuki payız dalğası barədə tez-tez anonslar, proqnozlar eşidirik. Əslində analoji yumşalmaya mayda da gedilmişdi və bumeranq effekti verdi, yoluxma və ölü sayı kəskin artdı. Üstəlik, o zaman bölgələrə gediş-gəlişə icazə yox idi.

Hazırda isə istisna qadağalar qalıb - Bakı, Sumqayıt və Abşeronda həftəsonu ictimai nəqliyyat işləmir, metro hələ ki açılmayıb, iri ticarət mərkəzləri qapadılıb, toy-yas qadağası qüvvədədir, qapalı yerlərə daxil olarkən maska taxmaq tələb olunur.

Ölkənin yerdə qalan ərazilərində isə karantin aradan qaldırılıb və belə demək mümkünsə, COVİD-19 Azərbaycanı tərk etməkdədir. Amma qayıdacaqmı - bunu söyləmək tezdir.

Sadəcə, xoşagəlməz xəbərlər eşidirik: dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Gürcüstanda karantin qaydaları sərtləşdirilir, Türkiyədə toy-nişan hər yerdə qadağan edilib, İranda yoluxan və ölənlər günbəgün artır, Avropada da karantinin sərtləşdirilməsi prosesi başlanıb, Azərbaycan isə açılımlar etməkdədir.

Ən böyük narahatlıq isə regionlara gediş-gəlişi açılması barədə qərardır. Yarım ildir ki, rayonlarla Bakı arasında əlaqə kəsilmişdi. Artıq cəmiyyət, deputatlar, həkimlər də haqlı olaraq yolların açılmasını tələb edirdi.

İndi yollar açılıb, baş infeksionist Cəlal İsayev isə bölgələrə səfər edənlərin karantin qaydaları ilə hərəkət etməli olduğunu, öpüşüb-görüşməkdən yayınmağı tövsiyə edir. Paralel olaraq da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus deyib ki, “COVİD-19" pandemiyası sonuncu deyil, dünya yeni bir pandemiyaya əvvəlcədən hazırlaşmalıdır.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm “Yeni Müsavat”a bildirdi ki, regionlara gediş-gəlişin açılması yoluxma sayını azaldacaq. Onun fikrincə, Bakının müəyyən qədər boşalması buna təsir edə bilər. Həkim, bununla belə, epidemiyanın payız dalğasının gələcəyi ehtimalını yüksək hesab edir: “Payızda soyuqdəymə başlayacaq və COVİD-19-la respirator xəstəliklər bir-birinə qarışacaq. Ehtimal var ki, payızda sərt karantinə qayıtmalı olacağıq. Ümumiyyətlə, aprelə qədər bu vəziyyət davam edəcək".

Ə.Rüstəmin fikrincə, metronun açılmasının vaxtıdır, çünki ictimai nəqliyyatda sıxlıq var. Onun dediyinə görə, artıq iki koronavirus xəstəxanası bağlanıb, əvəzində Zığda 2277 nəfərlik modul xəstəxana açılıb: “Xəstələrin hamısını ora yığmaq olar, digər xəstəxanaların əvvəlki kimi işləməsinin vaxtı çatıb”.

Tibb üzrə professor Adil Qeybulla qeyd etdi ki, rayonlararası yollar açılmayıb, insanlar arasında təmaslar məhdud olsa yaxşıdır: “Söhbət karantin qaydalarına qeyd-şərtsiz əməl etməkdən gedir. ÜST pandemiya haqda son raport verənə qədər karantin tələblərinə riayət etməliyik.

Çünki payızda virusla digər respirator xəstəliklərin diferensiyası çətinlik yaradacaq. Ona görə maska taxmaq, sosial məsafə gözləmək davam etməlidir".

A.Qeybullaın sözlərinə görə, virus getdikcə zəifləyir, mutasiyaya uğrayır və qışda tamamilə yox olacağı gözlənilir: "Ancaq heç bir halda payızda ev və sərt karantinə qayıtmaq olmaz, böyük yanlışlıqdır, əhalinin psixologiyasına ciddi təsir edəcək". 

Professor pandemiyanın nə qədər davam edəcəyi haqda müxtəlif rəylər olduğunu söylədi: “Aprelə qədər uzanacağını da deyirlər. Amma nəyə əsaslanırlar bilmirəm. Rəsmi qurumlardan da müəyyən açıqlamalar görürük. Bundan qabaqda payıza vaksinin hazır olacağını söyləyirdilər. Bu illüziyadan uzaq dayanmaq lazımdır. Virusun xeyli ştamları var, mutasiyaya uğraya bilir, yoluxan şəxs təkrar yoluxmur”.

Son günlər ardıcıl olaraq karantin tədbirlərinin yumşaldılması toylara icazə verilməsi məsələsini bir daha aktuallaşdırıb. Xüsusilə yoluxma sayında azalma və sağalanların yoluxanları üstələməsi ilə bağlı günlük statistika bu istiqamətdə optimizmə şərait yaradır.

Deputat, Operativ Qərargahın üzvü Rəşad Mahmudov Axar.az-a bildirib ki, toy və nişan mərasimlərinin keçirilməsi qaydaları təmin olunarsa, eləcə də ciddi nəzarət mexanizmi həyata keçirildiyi təqdirdə bu mərasimlərə də icazə mümkündür:“Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə bu proses həyata keçirilə bilər. Təbii ki, bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək”.

R.Mahmudov bildirib ki, payız aylarından sonra COVİD-19 virusunun insanlarda yaratdığı qorxunun azalacağını proqnozlaşdırır: “Təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri faydaları ilə bərabər, sosial, iqtisadi və psixoloji çətinliklər doğurdu. Amma biz vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamalıyıq”.