​PREZİDENTİN YOL ÜÇÜN AYIRDIĞI VƏSAİT "YEYİLİB" - "Layihəyə əsasən, yolun eni 8-9 metr olmalıdır, hazırda isə onun eni 5 metrdir" / VİDEO

Baxış sayı:
5969

Ucar rayon Müsüslü kəndinin bir qrup sakini kəndə yol çəkilişi zamanı baş verən qanunsuzluqlar və özbaşınalıqlardan şikayət edirlər.
Sakinlərin Muxalifet.az-a ünvanladıqları məktubda deyilir ki, kəndinin asfalt örtüyünün tikintisi üçün layihə hazırlanıb və dövlət büdcəsindən pul ayrılıb. Lakin işi icra edən 22 saylı Yol İstismar İdarəsinin müdiri Fizuli Hacıyev kəndə çəkilən asfalt yolun layihəsini öz maraqlarına uyğun formada dəyişərək, qanunsuzluğa yol verib.
Şikayəti imzalayan sakinlər iddia edirlər ki, layihədə kəndə çəkiləcək əsas “ana yol”un onların yaşadığı ərazidən keçməsi nəzərdə tutulsa da, Fizuli Hacıyev saxtakarlıq edərək, lahiyəni dəyişib və işlək olmayan köməkçi yola asfalt örtüyü çəkilməsinə nail olub: “Fizuli Hacıyev bu qanunsuzluğu ona görə edib ki, həmin köməkçi yolun ətrafında onun qohumlarının, ən əsası Ucar rayon Mədəniyyət İdarəsinin müdiri Alı Babayevin evi var...”
Şikayətçilər bildirirlər ki, tikintiyə başlamazdan əvvəl Fizuli Hacıyevin özü sakinlərə layihəyə uyğun olaraq, asfalt örtüyün məhz onların yaşadığı ərazidən keçən yola töküləcəyini deyib. Ancaq yol tikintisi başlayandan sonra idarə rəisinin insanları aldatdığı məlum olub.

Şikayətçilər tikintidə yeyintiyə yol verildiyini və yolun layihəyə uyğun tikilmədiyini də bildirirlər: “Fizuli Hacıyev Prezident İlham Əliyevin sərəncamına əsasən Msüslü kəndinin yol tikintisi üçün ayrılmış vəsaitin düzgün xərclənməsinə də əngəl yaradıb. Bu isə korrupsiya əməlidir və bunun araşdırılmasına zərurət var. Çünki layihəyə əsasən yolun eni 8-9 metr olmalıdır, hazırda isə onun eni 5 metrdir. Tikinti zamanı yolun kənarında çoxlu sayda yaşıllıq zolağı məhv edilib, su kanalına çınqıl və torpaq tökülüb ki, bu da onun məcrasını daraldıb. Yol hələ tikilib başa çatmamış, indidən bəzi yerləri dağılıb.”
Kənd sakinləri sonda ölkə başçısına üz tutaraq, bu qanunsuzluqlarla bağlı tədbir görülməsini və yolun layihəyə uyğun olaraq, onların yaşadığı ərazidən keçməsinin təmin olunmasını xahiş edirlər.

Qeyd edək ki, məktub Ucar rayonu Müsüslü kəndinin aşağıdakı sakinləri tərəfindən göndərilib:
1. Şəhid atası Qədirov İsmayıl Məhəmməd oğlu;  2.Rəsulov Mətləb Qarakişi oğlu; 3.Qasımov Bahadur Qasım oğlu; 4.Qasımov Mübariz Güləhməd oğlu; 5.Qasımov Qurban Zöhrab oğlu; 6.Rəsulov Məzahir Şaiq oğlu; 7.Həmidov Abdulhəmid Musa oğlu; 8.Həmidova Ulduzə Həmid qızı; 9.Sadıxov Abduləli Musa oğlu; 10.Həmidov Asif Şaiq oğlu; 11. Səmədov Hasil Əlihüseyn oğlu; 12.Allahverdiyev Aqil Əmanət oğlu;13.Məcidov Mirdamət Məcid oğlu; 14.Həmidov Samir Fəti oğlu; 15.Rəsulov Şahin Mirzə oğlu; 16. Rəsulov Hümmət Namət oğlu; 17.Alıyev Sabit Əlipaşa oğlu; 18.Məmmədov Eyni Seyfulla oğlu; 19.Məmmədov Bəylər Qərib oğlu. 


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.